logo

SOCAR Kiyevdə yeni formatda yanacaqdoldurma kompleksi açıb

16:49 15-08-2019 | icon 2737
SOCAR Kiyevdə yeni formatda yanacaqdoldurma kompleksi açıb

SOCAR şirkəti Kiyevdə yeni yanacaqdoldurma kompleksi açıb. Həmin kompleks Ukrayna paytaxtının Stoliçnoye şose, 100 ünvanında yerləşir.

 YeniAvropa xəbər verir  ki, bu barədə  “SOCAR Ukrayna” Ticarət Evi məlumat yayıb.

Yeni kompleksin üstün cəhəti onun xüsusi dizaynla ultra müasir sənaye üslubunda tikilməsidir. Burada hər şey SOCAR-ın ənənəsinə uyğun olaraq beton, şüşə və metal konstruksiyaların vəhdətindən ibarətdir. Kompleksin qara rəngin üstünlük təşkil etdiyi monoxrom tərtibatı, nəcib minimalizmi, dizayner mebeli və qeyri-adi fasadı var.

Ticarət zalının və mağazanın sahəsi 137 kvadratmetrdən çoxdur. Yeni obyekt 5 yanacaqdoldurma aləti olan 3 ədəd ikitərəfli aparat ilə təchiz olunub. Müştərilər burada A-92, A-95, həmçinin Nano firma yanacağının bütün növləri – A-98, A-95, Diesel Nano və Diesel Nano Extro yanacaqları ilə təchiz olunurlar.

Ənənəyə görə, SOCAR-ın qonaqları əlavə xidmətlərdən də pulsuz istifadə edə bilərlər. Buraya şinlərin tənzimlənməsi, avtomatik ayaqqabı təmizləmə yeri, mobil telefonların şarj olunması, Wi-Fi da daxildir. Bankomat və valyuta mübadiləsi məntəqəsi də avtomobil sahiblərinin ixtiyarına verilib. Körpə uşaqlı qadınlar üçün xüsusi masalar və azyaşlıların qidalanması yeri quraşdırılıb. Stansiyada, həmçinin xüsusi sanitar zonası da mövcuddur.

Acmış səyahətçiləri isə BUTA kafesində səhər yeməsi, nahar, qarnir və salatlar, firmanın dönər kababı və Şərq şirniyyatları gözləyir. BUTA marketdə isə, SOCAR-ın hər yanacaqdoldurma məntəqəsində olduğu kimi, ənənəvi mal çeşidi ilə yanaşı, premial seqmentə aid olan ekoloji məhsullar da satılır.

Yeni yanacaqdoldurma kompleksi SOCAR-ın Ukrayna şəbəkəsində 60-cı, Kiyev bölgəsində isə 13-cüdür.

Qeyd edək ki, "SOCAR Energy Ukraine" Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 60 kompleks, 2 yağ bunkerçisi daxildir. Onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərirlər. SOCAR Holdinqin fəaliyyətinə iri və kiçik firmalara topdan yanacaq satışı, onun mühafizəsi və nəqli, təbii qaz və aviasiya yanacağı idxalı da daxildir.