logo

Roberto Bordin: Sabah İsraildə “Neftçi”ni çətin oyun gözləyir

22:13 14-08-2019 | icon 3157
Roberto Bordin: Sabah İsraildə “Neftçi”ni çətin oyun gözləyir

Sabah bizi güclü komanda ilə çətin oyun gözləyir. Çünki rəqibimiz yaxşı hazırlaşıb. İlk oyunda düzgün mövqe seçərək arxada qapandılar. Fərdi keyfiyyətlərə malik oyunçular sayəsində çətinliklər yaradırlar. Məncə, rəqibin cüzi də olsa, üstünlüyü var. Stadiona fərqli taktika ilə çıxacaqlar. Maraqlı oyun gözlənilir.

 YeniAvropa  xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin İsraildə “Bney Yehuda” ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında deyib.

O,bildirib ki, “Bney Yehuda” ilk matçda bütün heyətlə müdafiəyə qapandı. Onun fikrincə, İsrail təmsilçisi sabah da eyni taktika ilə çıxış edəcək.

İtaliyalı məşqçi iki top buraxmalarına rəğmən sonadək xarakter göstərdiklərini vurğulayıb. O, komandasına inandığını və futbolçularının qələbə qazanacağına əminliyini bildirib.

Bordin ilk matçda yarımmüdafiədə problemlərin olması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, “Bney Yehuda” əks-hücumlar nəticəsində qollar vurmağı bacarıb: “Bunlar taktikadan yox, istəkdən, oyuna yanaşmadan asılı məsələlərdir”.

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2.