logo

Donald Tramp prezident seçildikdən sonra 5 milyard dollar itirib

15:57 14-08-2019 | icon 2716
Donald Tramp prezident seçildikdən sonra 5 milyard dollar itirib

Donald Tramp prezident seçildikdən sonra 5 milyard dollar zərərə düşüb. Onun sözlərinə görə, bu maliyyə itkisinin səbəbi biznesmen karyerasını davam etdirməməsi nəticəsində qazana bilmədiyi pullar, habelə onun əleyhinə qaldırılan iddialardan ötrü vəkillərə ödədiyi vəsaitlər olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Donald Tramp itirdiyi vəsaitin onu heç də narahat etmədiyini bildirib. " ABŞ prezidenti olmağımı özüm üçün böyük var-dövlət hesab edirəm”, -deyən dövlət başçısı hər gün ona qarşı qaldırılan məhkəmə iddiaları ucbatından vəkillərə xeyli pul xərcləməsindən gileylənib.

"NBC" telekanalının şərhində qeyd edilir ki,  dövlət başçısının söylədiyi rəqəmləri dəqiqləşdirmək mümkün deyil. Belə ki, o, bundan əvvəl zərərinin 10 milyard dollara yaxın olduğunu bəyan etmişdi. “Forbes” jurnalının mart ayında dərc etdiyi reytinq cədvəlinə görə, ABŞ prezidentinin maliyyə vəsaitinin ümumi həcmi 3,1 milyard dollardır. 0, 2016-cı ilin seçkiqabağı kampaniyasında gəlir deklarasiyası təqdim edəcəyini vəd etsə də, bugünədək bu sözünə əməl etməyib. D.Tramp bunu onun biznesinin yoxlanılması ilə əlaqələndirib. 2017-ci ilin mayında isə ABŞ prezidenti bəyan edib ki, dövlət başçısı vəzifəsini tərk etdikdən sonra gəlir deklarasiyası təqdim edəcək.