logo

Qurban Qurbanov: APOEL ilə cavab oyununa tam fərqli formada hazırlaşmalıyıq

20:50 12-08-2019 | icon 3164
Qurban Qurbanov: APOEL ilə cavab oyununa tam fərqli formada hazırlaşmalıyıq

Çox vacib oyuna çıxırıq, həddindən artıq diqqətli olmalıyıq.

YeniAvropa xəbər verir  ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyun ərəfəsində təşkil olunmuş mətbuat konfransında deyib.

“İlk görüşdən sonra rəqibin baş məşqçisi dəyişib. Baş məşqçi dəyişikliyi olanda narahatlıq da olur. İndi cavab oyununa tam fərqli formada hazırlaşmalıyıq. Baş məşqçi üzərində hər zaman məsuliyyət olur. Çünki nəticə ondan soruşulur. İnanmıram ki, yeni baş məşqçidən mərhələ keçməyi tələb etsinlər. Yəqin ki, ondan daha çox gələcəyin komandasını qurmaq istənilir”,-deyə o, bildirib.

Qurbanov heyətlə bağlı ciddi problemlərinin olmadığını vurğulayıb: “Ola bilər, rəqibin oyununda sistem dəyişikliyi olsun. Komandaya yeni baş məşqçi gələndə adətən ilk matça fərqli əhval-ruhiyyədə olur, özlərini göstərməyə çalışırılar. Düşünürəm ki, dərinə getməməliyik, daha çox öz oyunumuz barədə düşünməliyik. Təcrübə göstərir ki, 2:1 və 3:1 kimi hesablar komandanı arxayınlaşdırmamalıdır. Əlbəttə, ilk matçda 2:0 hesabı ilə qalib gəlsəydik, daha yaxşı olardı. Amma bəzən buraxılan qol komandaya fayda verir. Start heyəti ilə bağlı səhər məşqindən sonra qərar verəcəyik. Maqaye Qeyenin start heyətdə yer alacağını düşünmürəm, amma o, meydana çıxa bilər”.

Baş məşqçi Mahir Emrelinin xarici klublardan təklif alması ilə bağlı suala belə cavab verib: “Mahir get-gedə inkişaf etmək istəyir. Sabahkı oyunda daha aktiv olmalıdır”.

Xatırladaq ki, “Qarabağ” ötən həftə Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab matçı avqustun 13-də saat 20:30-da start götürəcək.