logo

Qəzaya uğrayan “MiQ-29” təyyarəsinin bəzi hissələri tapılıb

12:35 09-08-2019 | icon 2506
Qəzaya uğrayan “MiQ-29” təyyarəsinin bəzi hissələri tapılıb

Hərbi Hava Qüvvələrinin gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış “MiQ-29” təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-də axşam saatlarında müəyyən edilib.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, aidiyyəti dövlət qurumlarının və xidmətlərin nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi hissələri sudan çıxarılıb.

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İyulun 31-də Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıq və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

Ötən gün isə Rusiyanın Xəzər dənizi filotiliyası da qəzaya uğramış “MiQ-29” təyyarəsinin axtarışında iştirak edəcəyini açıqlayıb.