logo

Gürcüstana Bakıdan keçməklə dedən rusiyalı turistlərin sayı 85 faiz artıb

14:59 07-08-2019 | icon 2583
Gürcüstana Bakıdan keçməklə dedən rusiyalı turistlərin sayı 85 faiz artıb

Rusiyalılar Gürcüstana təyyarə ilə birbaşa səfərləri qadağan edildikdən sonra Gürcüstana dəmir yolu ilə, Bakıdan keçərək gələn rusiyalıların sayı ötən illə müqayisədə 85 faiz artıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasından bildirilib. Qeyd edilib ki, prezident Vladimir Putinin Gürcüstana uçuşları qadağan edən fərmanından sonra rusiyalılar bu ölkəyə qatarlar, bərələr və avtomobillərlə gəlməkdə davam edirlər. Hərçənd Rusiyadan Gürcüstana gələn turistlərin sayı yay ərzində 14, 8 faiz azalıb.

Bu ilin iyul ayında Rusiyadan Gürcüstan şəhərlərinə 108 min 214 turist gəlib. Halbuki bu rəqəm ötən ilin müvafiq dövründə 127 min nəfər idi.

Rusiyalı turistlərin 58 faizi Gürcüstana dəniz nəqliyyatı vasitəsilə gəlib. Avtomobillə səfərdən yalnız 7, 1 faiz turist istifadə edib.

Məsələn, əgər ötən il Rusiya və Gürcüstan arasında yeganə sərhəd keçidi olan Yuxarı Lars buraxılış məntəqəsindən gələn turistlərin sayı ötən il 124 min nəfər idisə, bu il onların sayı 134 minə çatıb.

Qeyd edilir ki, bu rəqəmlərə həm də Gürcüstandan keçərək Ermənistan və ya Türkiyəyə gedənlər də daxildir.

Bəs rusiyalı turistləri Gürcüstana çəkib gətirən nədir? Rəyi soruşulan turistlərin 35, 8 faizi əyləncə və istirahətin əsas məqsəd olduğunu bildirir. Rusiyalı turistlərin 21, 6 faizi Gürcüstana dostlara və qohumlara baş çəkmək məqsədilə gəldiyini bildirir. Ən maraqlısı isə odur ki, Gürcüstana gələn rusiyalı turistlərin 3, 2 faizinin məqsədi müalicə almaqdır. Üstəlik bu da bəlli olub ki, Gürcüstan məxsusi olaraq “yeyib-içməyə” gedən rusiyalı turistlər üçün lider istiqamətdir.

Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə ölkənin turizmdən gəlirləri bu ilin əvvəllərindən ÜDM-in 7, 1 faizini təşkil edib.

Rusiya ilə münasibətlər pisləşməzdən əvvəl turizmdən götürülən gəlir 578 milyon dollar idi. Bu, ötən ilin müvafiq dövründən 5 faiz çoxdur. Bu isə o deməkdir ki, Moskva ilə Tbilisi arasında iyun-iyul aylarında yaşanmış gərginlik Gürcüstanın turizmdən əldə etdiyi gəlirləri azaltmayıb.

O da bildirilir ki, bu ilin iyulunda Gürcüstana 1 milyondan çox beynəlxalq turist gəlib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5, 8 faiz çoxdur. Həmin turistlərin arasında Gürcüstanda 24 saatdan artıq qalanların sayı 1 faiz artıb. 

Xatırladaq ki, bu ilin iyun-iyul aylarında Gürcüstanda baş vermiş izdihamlı anti-Rusiya etirazlarının ardınca Rusiya prezidenti Vladimir Putin Tbilisini cəzalandırmaq məqsədilə Gürcüstana bütün təyyarə reyslərini qadağan edib.

AzadlıqRadiosu