logo

57 min abituriyent ixtisas seçimi edib-müddət bu gün başa çatır

11:34 06-08-2019 | icon 4207
57 min abituriyent ixtisas seçimi edib-müddət bu gün başa çatır

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, I qrup üzrə 15101, II qrup üzrə 10166, III qrup üzrə 17465, IV qrup üzrə 4082 abituriyent olmaqla ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. V ixtisas qrupu üzrə isə 5163 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Bundan əlavə, 14615 subbakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçib.

Avqustun 6-sı saat 10:45-ə olan məlumata görə, I-V ixtisas qrupları üzrə 57062 abituriyent (o cümlədən 10915 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiqləyib. 593 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər. Abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər ixtisas seçimi edib ərizələrini təsdiqləməlidirlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmuş abituriyentlər də məlumdur. Bu il 3 nəfər incəsənət, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan “Internatıonal Baccalaureate” təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub.

SAT imtahanının nəticələrinə əsasən 104 abituriyent ADA Universitetinə qəbul olunub.

Bundan əlavə, I ixtisas qrupu 139 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 128 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.