logo

Xorvatiya prezidenti ikinci müddətə namizədliyini irəli sürəcək

16:49 05-08-2019 | icon 2373
Xorvatiya prezidenti ikinci müddətə namizədliyini irəli sürəcək

Xorvatiya Respublikasının hazırkı prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək.

YeniAvropa "BalkanInsight" portalına istinadla xəbər verir ki, ölkədə növbəti prezident seçkiləri bu ilin dekabrında keçiriləcək.

Xorvatiyanın HRT telekanalının xəbərinə görə, xanım Qrabar-Kitaroviç ölkədə Qələbə günü münasibətilə keçirilən təntənəli mərasimdə bu niyyətini ifadə edib. Knin qalasında keçirilən tədbirdən sonra jurnalistlərə müsahibə verən Prezident deyib: “Mən bu mərasimdə Prezident kimi iştirak edirdim, növbəti beş ildə də burada sizinlə dövlət başçısı qismində görüşəcəyəm”.

Ölkənin baş naziri Andrey Plenkoviç prezidentin sözlərini şərh edərək qeyd edib: “Mən onun iddialarını təqdir edirəm. Onun prezident seçkilərində daha bir qələbə qazanacağı təbiidir”.

Xorvatiya prezidenti ümumxalq səsverməsi yolu ilə beş illiyinə və iki müddətə seçilir. Bu ölkədə 18 yaşına çatmış hər bir vətəndaş namizədliyini irəli sürə bilər. O, siyasi partiya, birlik, seçicilər qrupu və ya müstəqil namizəd kimi seçkilərdə iştirak etmək hüququna malikdir. Bunun üçün namizəd ən azı 10 min seçicinin imzasını toplamalıdır.