logo

ABŞ Əfqanıstandan 6 minədək əsgərini çıxarır

11:51 02-08-2019 | icon 2870
ABŞ Əfqanıstandan 6 minədək əsgərini çıxarır

“Taliban” hərəkatı ilə əldə olunmuş yeni razılaşmaya əsasən, ABŞ minlərlə əsgərini tezliklə  Əfqanıstandan çıxaracaq.

 YeniAvropa xəbər verir  ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, Əfqanıstandakı ABŞ qoşun kontingenti tezliklə 14 mindən 8 min əsgərə endiriləcək. “Taliban” isə Əfqanıstan hökuməti ilə sülh əldə edilməsinə dair danışıqlar aparmağı, atəşkəs elan etməyi öhdəsinə götürüb. Qeyd olunur ki, razılaşmalar hərəkatın liderləri ilə Əfqanıstan mənşəli amerikalı diplomat Zalmay Xəlilzad arasında bir ay davam edən danışıqlar nəticəsində əldə olunub. Qəzetə məlumat verən amerikalı diplomat bildirib ki, tərəflər arasında rəsmi saziş Əfqanıstanda sentyabrda keçiriləcək ümumxalq seçkilərindən əvvəl imzalanacaq.

“Taliban” hərəkatının sözçüsü Zabiullah Mücahid isə "The Washington Post" qəzetinin suallarını cavablandırmaqdan imtina edib. O, təkcə “Biz bu məsələdə nikbinik, razılaşmanın uğuru isə amerikalılardan asılıdır”, - deyə danışıqların yekununu şərh edib.

Eyni zamanda, “Hill” nəşri bildirib ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Rebekka Rebariç öz bəyanatında Pentaqonun qoşunların Əfqanıstandan çıxarılması barədə əmr vermədiyini deyib. O əlavə edib: “Əfqanıstanda amerikalı əsgərlər o vaxta qədər qalacaqlar ki, bu, ABŞ-ın maraqlarının təhlükəsizliyi üçün zəruri olsun”.