logo

4 şahmatçımız  Dünya kuboku yarışlarında iştirak edəcək

17:08 01-08-2019 | icon 2926
4 şahmatçımız  Dünya kuboku yarışlarında iştirak edəcək

Beynəlxalq Şahmat Federasiyası dünya kuboku yarışlarında iştirak edəcək şahmatçıların ilkin siyahısını açıqlayıb.

YeniAvropa xəbər verir  ki, Xantı-Mansiysk şəhərində təşkil ediləcək yarışda 4 şahmatçımız - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Nicat Abbasovun iştirakı planlaşdırılıb. Dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır. Yarışın finalçıları dünya çempionu Maqnus Karlsenə qarşı matçda iştirak etmək üçün şans qazanacaqlar.

Qeyd edək ki, şahmatçılarımız Ş.Məmmədyarov və T.Rəcəbovun iddiaçılar turnirinə FIDE-nin "Qran-Pri"ləri vasitəsilə də vəsiqə əldə etmək imkanları var. Riqada keçirilmiş "Qran-Pri"nin ikinci mərhələsində Şəhriyar Məmmədyarov qalib olub. Ümumiyyətlə, hər iki şahmatçımızın iddiaçılar turnirinə düşməsi üçün dünya kuboku daha bir şansdır. Digər iki şahmatçımız E.Səfərli və N.Abbasov Avropa çempionatında ən yüksək nəticə əldə edən ilk 24-lükdə yer aldıqları üçün turnirə vəsiqə əldə ediblər.

Sentyabrın 9-da start götürəcək turnirin ümumi mükafat fondu 1 milyon 600 min ABŞ dollarıdır. Turnirin qalibi 110 min dollar mükafat alacaq.