logo

6 ayda “Azəri-Çıraq-Günəşli” də hasilat  13 milyon ton təşkil edib

15:10 01-08-2019 | icon 2891
6 ayda “Azəri-Çıraq-Günəşli” də hasilat  13 milyon ton təşkil edib

Yanvar-iyun aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 98 milyon barreldən çox, yəni 13 milyon ton təşkil edib.

“BP Azerbaijan” şirkətindən  YeniAvropa -ya bildirilib ki, 6 ayda "AÇG"dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. "AÇG"dən ümumi hasilat – “Çıraq” (42 min), “Mərkəzi Azəri” (131 min), “Qərbi Azəri” (120 min), “Şərqi Azəri” (94 min), “Dərinsulu Günəşli” (96 min) və “Qərbi Çıraq” (60 min) platformalarından birgə gündəlik orta hesabla 542 min barrel olub.

Yarım ilin sonuna "AÇG"də ümumilikdə 124 neft hasilat quyusu, 44 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-iyun aylarında blokda 7 neft hasilat quyusu qazılıb.

Altı ayda "AÇG" layihəsinə təqribən 272 milyon dollardan artıq əməliyyat və 657 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.