logo

Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib

20:17 31-07-2019 | icon 2401
Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib

İyulun 31-də prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirdi. Dövlətimizin başçısı bu ilin altı ayında iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını vurğulayıb.

Qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticəsini verdiyini qeyd edən dövlət başçısı bu sahənin gələcəkdə də dayanıqlı inkişaf edəcəyinə əminliyini bildirib. 6 ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulduğunu, bunun böyük hissəsinin qeyri-neft sektorunun payına düşdüyünü deyən prezident İlham Əliyev ilin əvvəlindən böyük sosial paketin təsdiqləndiyini və əhalinin rifahının, yaşayış səviyyəsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Vergilər naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Kənd Təsərrüfatı naziri İnam Kərimov görülən işlərlə bağlı məruzə ediblər.

Prezident İlham Əliyev paytaxtda icra edilən layihələrdən danışarkən kommunal təsərrüfatın yeniləndiyini, nümunəvi həyətlərin istifadəyə verildiyini, şəhər nəqliyyatının müasirləşdiyini bildirib, paytaxtımızın abadlaşması və gözəlləşməsi üçün böyük işlərin görüldüyünü, yeni istirahət zonalarının yaradıldığını vurğulayıb. “Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən prezident ilin sonunadək nəzərdə tutulan bütün vəzifələrin icra ediləcəyinə əminliyini bildirib.