logo

Qazaxıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

20:59 30-07-2019 | icon 2429
Qazaxıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Beybit İsabayevlə onun Qazaxıstan prezidentinin ölkə parlamentindəki nümayəndiliyinin rəhbəri vəzifəsinə təyin olunması ilə bağlı geri çağrılması və ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə görüşüb.

 YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə nazir Elmar Məmmədyarov səfir Beybit İsabayevi yeni təyinatı münasibətilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. İki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir Elmar Məmmədyarov bu əlaqələrin daha da dərinləşəcəyinə əminlik ifadə edib.

Səfir Beybit İsabayev, öz növbəsində, səmimi təbrikə və diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin ortaq etnik, mədəni və tarixi köklərə əsaslandığını qeyd edən səfir Beybit İsabayev yüksəksəviyyəli dialoqun ölkələrimiz arasında tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyini vurğulayıb. Bu əsnada səfir Beybit İsabayev Qazaxıstan Respublikası prezidentinin 2017-ci ildə Azərbaycana səfərinin və səfər çərçivəsində imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyətini diqqətə çatdırıb.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafından, xüsusilə də iqtisadi-ticarət, nəqliyyat və tranzit sahələrində əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.