logo

Yol polisləri yanan maşından xarici turistləri xilas ediblər

21:55 29-07-2019 | icon 2324
Yol polisləri yanan maşından xarici turistləri xilas ediblər

İyulun 29-da səhər saatlarında Bakı-Qazax magistral yolunun 35-ci kilometrliyində Vüsal Əliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusda qısaqapanma nəticəsində tüstülənmə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, avtomobilin elektrik sisteminin sıradan çıxması səbəbindən nəqliyyat vasitəsinin qapıları avtomatik olaraq kilidlənib və sərnişinlər salonda köməksiz vəziyyətdə qalıblar. Yanan maşının tüstüsünün salona dolması səbəbindən sərnişinlər boğulma təhlükəsi ilə üzləşiblər. Bu zaman ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı taqımının əməkdaşları nəqliyyat vasitəsinə yaxınlaşaraq maşında olan 10 sərnişin və sürücünü avtomobilin pəncərəsindən evakuasiya ediblər. Həyatları xilas edilən şəxslərə YPX əməkdaşları tərəfindən ilkin yardım göstərilib. Yol polislərinin operativliyi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb və maşın vaxtında söndürülüb.

Araşdırma zamanı maşında olan şəxslərin ölkəmizə səfərə gələn xarici turistlər olduğu və onların Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiyaya getdikləri müəyyən edilib.

Hadisəyə vaxtında müdaxilə edildiyindən xəsarət alan olmayıb. Turistlər operativ reaksiya göstərərək onların yanan maşından çıxarılmasını təmin etdikləri üçün polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Hadisədən sonra turistlərin yol polisləri tərəfindən əraziyə çağırılan digər avtobusla ekskursiyaları davam etdirmələrinə şərait yaradılıb və onlar yol patrul avtomobili ilə müşayiət ediliblər.