logo

İrandan külli miqdarda narkotik vasitənni Azərbaycana gətirilməsinin qarşısı alınıb

13:59 28-07-2019 | icon 2562
İrandan külli miqdarda narkotik vasitənni Azərbaycana gətirilməsinin qarşısı alınıb

İyulun 27-də saat 22:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  YeniAvropa -ya bildiriblər ki, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti sərhəd naryadı tərəfindən aşkar olunub və qarşısı alınıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən hərbçilərimizə qarşı silah tətbiq edilib.

Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən yaralanıb. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir.

Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar. Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqram 350 qram olan 1 ədəd bağlamada 2 kiloqram 70 qram marixuana, 2 kiloqram 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunub.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əraziyə ezam ediliblər. İran İslam Respublikasının sərhəd nümayəndəsi ilə görüş təşkil olunub, hadisə yerinə birgə baxış keçirilib, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim edilib, sərhəd pozucularının müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilib.

Hərbi prokurorluqla birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür. Fakt üzrə cinayət işi başlanıb.