logo

XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilib

21:51 27-07-2019 | icon 2989
XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilib

İyulun 27-də  “Baku Crystal Hall”da XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın baş nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Nayqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Olimpiya bayrağı altında keçirilən festival Olimpiya ənənələri ilə zəngindir.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində yeddi gün davam edib. Festivalda 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil ediblər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunub. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb.

Qeyd edək ki, festivalda 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşıb.

“EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında yeddi günlük idman mübarizəsinin yekununda 38 ölkənin təmsilçiləri medal qazanıblar. Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir. Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar.