logo

DİM II və III qruplar üzrə 79 abituriyentin qiymətində dəyişiklik etdi

18:16 25-07-2019 | icon 4046
DİM II və III qruplar üzrə 79 abituriyentin qiymətində dəyişiklik etdi

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilmiş qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 323 abituriyent (bütün imtahan verənlərin 1,15 faizi) 1100-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib. Komissiyaya daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər Dövlət İmtahan Mərkəzinə (DİM) dəvət olunaraq onlara komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılıb, apelyasiyanın nəticəsi bildirilib və müraciətləri ilə bağlı müvafiq izahat verilib).

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, apelyasiyaya müraciət edənlərdən 79 abituriyentin (bütün imtahan verənlərin 0,28 faizi) cəmi 83 tapşırıq (bütün tapşırıqların 0,03 faizi) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə abituriyentlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

DİM abituriyentlərin (o cümlədən Apelyasiya Komissiyasına müraciət etməmiş, lakin qeyd olunan tapşırıqlarla bağlı qiymətləndirmə meyarlarına edilən dəyişikliklə əlaqədar nəticələri dəyişən) nəzərinə çatdırır ki, lazımi dəyişikliklər onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb və imtahan nəticələri yenilənib. Nəticələri dəyişən və Apelyasiya Komissiyasına müraciət etməyən şəxslərin telefon nömrələrinə bununla bağlı SMS xəbərdarlıq göndərilib.

İkinci və üçüncü qruplar üzrə qəbul imtahanlarında 28 mindən çox abituriyent iştirak edib və bu abituriyentlərin ümumilikdə 252 mindən çox tapşırıq üzrə yazı işi yoxlanılıb.