logo

“Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat oyununa çıxır

12:15 24-07-2019 | icon 2842
“Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat oyununa çıxır

İyulun 24-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə İrlandiya çempionu “Dundalk” komandası ilə üz-üzə gələcək.

YeniAvropa xəbər verir  ki,  “Oriel Park” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Görüşü polşalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Bartoş Frankovskidir. Marçin Bonyek və Yakub Vinkler yan xətt hakimləri olacaq. Daniel Stefanski dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv təsnifat mərhələsinin birinci turunda Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranadakı ilk oyunda qolsuz heç-heçə qeydı alınıb. Bakıdakı oyunda isə ağdamlılar Filip Ozobiçin və Dani Kintananın qolları ilə növbəti mərhələyə vəsiqə qazanıblar.

"Dundalk" Azərbaycan təmsilçisi ilə qarşılaşan ilk İrlandiya klubu olacaq. Komanda birinci təsnifat mərhələsində Latviyanın “Riqa” klubunu 11 metrlik cərimə zərbələri seriyasında mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, son beş mövsümdə avrokuboklarda qrup mərhələsində yer almağı bacaran “Qarabağ”ın heyətində zədəli Bədavi Hüseynov meydana çıxa bilməyəcək. Əvəzində yeni transferlər – cinah müdafiəçisi Faysal Rerrars və hücumçu Maqaye Qeyenin adları hər iki görüş üçün sifariş ərizəsinə daxil edilib.

Bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.