logo

Azərbaycanda siyahıyaalma prosesinə 43 min insan cəlb olunacaq

15:08 19-07-2019 | icon 2597
Azərbaycanda siyahıyaalma prosesinə 43 min insan cəlb olunacaq

2019-cu ilin oktyabrında keçiriləcək Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması prosesinə 43 min insan cəlb olunacaq. Artıq siyahıyaalma materialları hazırdır. Əhalinin sayına uyğun sorğu vərəqələri çap edilib. 28 bənddən ibarət sorğu vərəqələrində 46 sual üzrə 280-ə yaxın göstərici yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir. Bu prosesin əhaliyə geniş şəkildə çatdırılması üçün KİV-lərin üzərinə böyük vəzifə düşür.

 YeniAvropa xəbər verir  ki, bu fikirləri iyulun 19-da Nazirlər Kabinetində keçirilən Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın növbəti geniştərkibli iclasında baş nazirin müavini, komissiyanın sədri Əli Həsənov səsləndirib.

İclasda yerlərdə əhalinin siyahıyaalınmasına yardım komissiyalarının sədrləri olan rayon, şəhər və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini Əli Həsənov bildirib ki, bugünkü geniş iclasının keçirilməsində əsas məqsəd siyahıyaalma prosesini ətraflı müzakirə etmək, hazırlıq işlərini nəzərdən keçirməkdir. Komissiya sədri əminliyini ifadə edib ki, ölkəmiz üçün vacib olan bu proses yüksək səviyyədə baş tutacaq : " Bu proses əhalinin sayı, yerləşməsi, miqrasiyası və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı və müntəzəm məlumatlara olan ehtiyacla şərtlənir. Eyni zamanda, bu proses dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair barədə mühakimə yürütməyə imkan verir. Siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində bu prosesdə iştirak edən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür".

Sonra komissiyanın üzvləri - Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, xarici işlər nazirinin müavini Nadir Hüseynov və daxili işlər nazirinin müavini İsmət Əliyev hazırlıq prosesi ilə bağlı ətraflı məlumat veriblər.

İclasın sonunda müvafiq dövlət qurumlarına aidiyyəti üzrə tapşırıqlar verilib.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə hər 10 ildən bir baş tutan əhalinin siyahıyaalınması prosesi növbəti dəfə 2019-cu ilin 1-10 oktyabr tarixlərində keçiriləcək.