logo

Zakir Qaralov Avropa Şurasının insan hüquqları üzrə komissarıı ilə görüşüb

16:07 11-07-2019 | icon 2611
Zakir Qaralov Avropa Şurasının insan hüquqları üzrə komissarıı ilə görüşüb

Azərbaycanın baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, görüşdə Zakir Qaralov Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğulayaraq, müstəqilliyin bərpasından sonra xalqımızın ümumilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş məqsədyönlü işlər barədə ətraflı məlumat verib.

Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması, bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən baş prokuror Ermənistanın işğalına məruz qalmış ərazilərimizdə qondarma “məhkəmələrin” qurulduğunu bildirib, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin doğma torpağında casus adı ilə həbs edilərək əsirlikdə saxlanılmasının insan hüquqlarının pozuntusunun bariz nümunəsi olduğunu Dunya Miyatoviçin diqqətinə çatdırıb.

 Ölkəmizlə bağlı xoş təəssuratlarını bildirən xanım Dunya Miyatoviç Avropa Şurasının insan hüquqları üzrə komissarı vəzifəsində Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edib. O, qaçqınların və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb, Avropa İnsan Hüquqları Konvensiyasının müəyyən etdiyi standartlar, eləcə də ölkəmizdə vəkillərin fəaliyyəti ilə bağlı danışıb.

Görüşdə maraq kəsb edən sahələr üzrə səmərəli fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanaraq digər konkret mövzular ətrafında faydalı fikir mübadiləsi aparılıb.