logo

Batumidə “Şərq tərəfdaşlığı” ölkələrinin I investisiya forumu keçirilir

11:53 11-07-2019 | icon 2828
Batumidə “Şərq tərəfdaşlığı” ölkələrinin I investisiya forumu keçirilir

Gürcüstanın Batumi şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin birinci investisiya forumu keçirilir.

 YeniAvropa xəbər verir ki, forumda “Şərq tərəfdaşlığı” ölkələrinin iqtisadi inkişafı, bu ölkələrdəki investisiya mühiti və imkanları, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi, azad iqtisadi zonaların yaradılması və sair məsələlər müzakirə olunur.

Forumda Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak edirlər.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiq Turnava çıxış edərək ölkəsinin iqtisadi imkanları barədə məlumat verib.

İqtisadiyyat nazirinin müavini R.Məmmədov isə ölkəmizin beynəlxalq iqtisadi əlaqələri və investisiya imkanları barədə məlumat verəcək.

Forum çərçivəsində “Şərq tərəfdaşlığı” ölkələrinin investisiya kataloqunun təqdimatı olacaq.

Xatırladaq ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında 6 ölkə: Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və Ermənistan iştirak edir.