logo

İlham Əliyev MEDEF-ə üzv olan fransalı sahibkarları qəbul edib

15:50 10-07-2019 | icon 2457
İlham Əliyev MEDEF-ə üzv olan fransalı sahibkarları qəbul edib

Prezident İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Qonaqları salamlayan prezidenti İlham Əliyev MEDEF-dən belə böyük nümayəndə heyətini görməyə şad olduğunu deyib: " Bu, bizim əməkdaşlığımızın yaxşı nümunəsidir. Bilirsiniz ki, mən Parisdə və Bakıda MEDEF-in üzvləri ilə dəfələrlə görüşmüşəm. Üç il əvvəl böyük bir nümayəndə heyətinin səfərini xatırlayıram və indi müxtəlif şirkətlərin 40 nümayəndəsi ölkəmizdə səfərdədir. Bu, həqiqətən də tərəfdaşlığımızın çox yaxşı nümunəsidir. Bu, Azərbaycanda fəaliyyət göstərməyə böyük marağın olduğunu nümayiş etdirir. Sizin təmsil etdiyiniz bir çox şirkətlər ölkəmizdə müxtəlif layihələrdə artıq iştirak edir. Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir. Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki, bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq".

Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycanda bir çox görüşlər keçirəcəyini deyərək səfərin çox səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib.

MEDEF Biznes Şurasının prezidenti  Jofrua Ru de Beziö çıxış edərək qəbul üçün təşəkkürünü bildirib: " Burada olmaq bizim üçün böyük məmnuniyyət və şərəfdir. Şəxsən mən ilk dəfədir ki, Azərbaycanda, Bakıda səfərdəyəm. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu, mənim Avropa İttifaqından kənara ilk səfərimdir. Mən ilk ölkə kimi Azərbaycanı seçmişəm. Bu da fransız biznes ictimaiyyətinin ölkəyə olan marağının göstəricisidir. Bildiyiniz kimi, MEDEF 170 min şirkətin üzv olduğu təşkilatdır. Bu gün mən böyük bir nümayəndə heyətinin tərkibindəyəm" .

Jofrua Ru de Beziö nümayəndə heyətinə bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiya sahələrini təmsil edən şirkətlərin daxil olduğunu və onların 12 sektoru əhatə etdiyini bildirdi. “Bizim üçün bu şirkətləri dəstəkləmək və onları Azərbaycanın böyük potensialı olduğuna inandırmaq çox vacibdir”, - deyən MEDEF Biznes Şurasının prezidenti nümayəndə heyətində qeyri-neft sektorunu təmsil edən şirkətlərin əksəriyyət təşkil etdiyini vurğulayıb.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez fransız şirkətləri ilə yüksək səviyyədə görüşə görə Prezident İlham Əliyevə təşəkkür edib. O, fransız şirkətlərinin Azərbaycanda həvəslə fəaliyyət göstərdiklərini bildirdi. Prezident İlham Əliyevin çıxışlarında iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı söylədiyi fikirlərin diqqət doğurduğunu deyən Orelia Buşez Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı artıq nəticələrin göründüyünü və bunun burada təmsil olunan şirkətlərin fəaliyyət müxtəlifliyində də öz əksini tapdığını vurğulayıb. Səfir fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyinə əminliyini bildirib.

Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.