logo

 Bu gün II və III ixtisas qrupları üzrə 28 mindən çox abituriyent qəbul imtahanı verəcək

09:11 07-07-2019 | icon 3990
 Bu gün II və III ixtisas qrupları üzrə 28 mindən çox abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də 2019/2020-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. İmtahanda iştirak etmək üçün 28 mindən çox abituriyent qeydiyyatdan keçib.

DİM-dən  YeniAvropa -ya bildirilib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda, ümumilikdə 57 binada aparılacaq. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış (saat 10:45-də) buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan binasına “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı iştirakçıların şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində məqsəd abituriyentlərin imtahan binasına buraxılışını daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Abituriyentlər imtahana aşağıdakı sənədlərlə gəlməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi;

- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üstündə mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və onlar imtahan binasına buraxılmayacaqlar.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri, III qrupda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı verilir. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tiplidir. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanında əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanında toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Həm yaz, həm də yay qəbul imtahanlarında iştirak edənlər istədikləri imtahan nəticəsini seçə bilərlər.

İmtahanda 28 min 699 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11 min 134-ü II qrup, 17 min 565-i isə III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 26 min 523 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 10107, III qrup üzrə 16416 nəfər), 2176 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1027, III qrup üzrə 1149 nəfər) məzunudur. Onların 12 min 411 nəfəri oğlan (II qrup üzrə 7456 nəfər, III qrup üzrə 4955 nəfər), 16 min 288 nəfəri isə qızdır (II qrup üzrə 3678 nəfər, III qrup üzrə 12610 nəfər). 25 min 291 abituriyent cari ilin orta ümumtəhsil məktəblərinin, 2819 abituriyent əvvəlki illərin məzunudur (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 29 nəfər ali təhsil müəssisələrinin, 560 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 116 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü il, ən gənci isə 2004-cü il təvəllüdlüdür.

Bakı şəhərində 12608, Naxçıvanda 1532, Gəncədə 2977, Sumqayıtda 1460, Mingəçevirdə 1167, Şəkidə 1521, Bərdədə 1646, Göyçayda 1151, Şirvanda 1741, Lənkəranda 1841, Xaçmazda isə 1055 abituriyentin imtahan verəcəyi gözlənilir.