logo

"S-400" zenit-raket kompleksi gələn həftə Türkiyəyə gətiriləcək

20:22 05-07-2019 | icon 3157
"S-400" zenit-raket kompleksi gələn həftə Türkiyəyə gətiriləcək

Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksi bazar günü təyyarəyə yüklənəcək və gələn həftə Türkiyəyə göndəriləcək.

 YeniAvropa "Habertürk" telekanalına istinadla xəbər verir ki, komplekslərin quraşdırılması üçün Rusiyadan Türkiyəyə xüsusi texniki komanda gəlib. İyunun 8-də ikinci texniki qrupun da ölkəyə gələcəyi gözlənilir.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan "S-400" zenit-raket komplekslərinin alınması Türkiyə və ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri almağı dəfələrlə tələb edib. Əks-halda, Vaşinqton Türkiyəyə "F-35" qırıcı təyyarələrinin satışının dayandırılacağını istisna etməyib.

Türkiyə azı 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın hələ 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya "S-400 Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara iki zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin "S-400" kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib.

Qeyd edək ki, uzaq məsafəli zenit-raket sistemi olan "S-400 Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul edilib. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. "S-400" sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlərin də silahlanmaya daxil olduğu bildirilir.