logo

Yaponiyada 1,2 milyondan çox insan daşqın təhlükəsinə görə təxliyə ediləcək

15:51 03-07-2019 | icon 2667
Yaponiyada 1,2 milyondan çox insan daşqın təhlükəsinə görə təxliyə ediləcək

Yaponiyanın cənub-qərbində yerləşən Küsyu adasının 1,2 milyondan çox sakini leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşməsi təhlükəsi səbəbindən təxliyə xəbərdarlığı alıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, təcili təxliyə zonasında təxminən 1,24 milyon insanın yaşadığı 58 min bina yerləşir. Adanın Kaqosima, Amakusa, Kirisima və Ayra şəhərlərində insanların həyatı üçün real təhlükə yaranıb.

Kaqosima şəhərində təbii fəlakət yaşlı qadının ölümünə səbəb olub. O, torpaq sürüşməsinin altında qalan evini vaxtında tərk edə bilməyib.

Yaponiya hökuməti regiondakı vəziyyətlə bağlı təcili qərargah yaradıb. Hazırda özünümüdafiə qüvvələrinin yerli əhaliyə və xilasetmə xidmətlərinə yardım etmək məqsədilə zərərçəkən rayonlara göndərilməsi imkanları müzakirə olunur.

Bu saatlarda Küsyu adasında intensiv yağış yağır. Milli Meteorologiya İdarəsinin proqnozuna əsasən, sutka ərzində regiona 900 millimetr yağıntı düşə bilər.