logo

Türkiyə cari ildə Azərbaycandan 2,8 milyard m3-dən çox təbii qaz alıb

12:10 01-07-2019 | icon 2611
Türkiyə cari ildə Azərbaycandan 2,8 milyard m3-dən çox təbii qaz alıb

2019-cu ilin əvvəlindən Türkiyə Azərbaycandan 2,8 milyard m3-dən çox təbii qaz alıb.

 YeniAvropa xəbər verir  ki, bu haqda  Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Məlumatda bildirilib ki, aprel ayında Türkiyə Azərbaycandan 724 milyon m3 təbii qaz idxal edib. Areldə Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi martla müqayisədə 133 milyon m3 artıb. Azərbaycan apreldə Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1,4 milyard m3) sonra ikinci olub.

Yanvarda Türkiyə Azərbaycandan 808 milyon m3, fevralda 683 milyon m3, martda 591 milyon m3, apreldə isə 724 milyon m3 təbii qaz idxal edib. Ümumilikdə 4 ayda qardaş ölkənin Azərbaycan qaz idxalı 2 milyard 806 milyon m3 təşkil edib.

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 7 milyard 527 milyon m3 təbii qaz idxal etmişdi.

Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Bu ilik ilk 3 ayında CQBK və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin (CQBKG) birgə gündəlik orta ötürücülük gücü 30 milyon kubmetrdən çox olub. Rüb ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 9 milyon dollar əməliyyat və 17 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Keçən il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə təqribən 1,9 milyard kubmetr “Şahdəniz” qazı nəql edilib. TANAP boru kəməri iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.