logo

Bakıda IX Beynəlxalq Sığorta Forumu keçirilir

11:09 28-06-2019 | icon 2793
Bakıda IX Beynəlxalq Sığorta Forumu keçirilir

Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə iyunun 28-də Bakıda “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı IX Beynəlxalq Sığorta Forumu öz işinə başlayıb. İyirmiyə yaxın xarici ölkədən 50-yə yaxın nümayəndənin qatıldığı Forumda ümumilikdə 150-dən çox sığorta mütəxəssisi iştirak edir.

YeniAvropa xəbər verir  ki, tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov sığorta sektorunda nəzərəçarpan inkişaf və perspektivlər, müşahidə olunan trendlər, tətbiq edilən yeni mexanizmlər, sığorta bazarının şəffaflaşdırılması və sektoral nəzarətin gücləndirilməsi, həmçinin sığorta bazarına inam və etimadın yüksəldilməsi ilə bağlı görülən işlər barəsində məlumat verib.

İ.Alışov bildirib ki, sığorta sektorunun inkişaf etdirilməsi və sektora nəzarətin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın qəbul edilməsi bunun bariz nümunəsidir.

Forum çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorandum imzalanacaq. Eyni zamanda, Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılmış Hadisələrin İdarəedilməsi Sistemi və CLIP layihələri barəsində təqdimat olacaq.