logo

“Star” NEZ-in beynəlxalq standartlara uyğunluğunu təsdiqlənib

12:30 25-06-2019 | icon 2737
“Star” NEZ-in beynəlxalq standartlara uyğunluğunu təsdiqlənib

SOCAR-ın İzmirin Əliağa rayonunda inşa etdiyi “Star” neft emalı zavodunun (NEZ) beynəlxalq standartlara uyğunluğunu təsdiq olunub.

YeniAvropa  Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “Star” NEZ “İnteqrasiya edilmiş idarəetmə sistemi”, “Keyfiyyət idarəetmə sistemi”, “Ekoloji idarəetmə sistemi və Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” üzrə 3 sənəd alaraq beynəlxalq standartlara uyğunluğunu təsdiqləyib.

“Star” neft emalı zavodunun baş direktoru Mesut İlter bu sənədlərin NEZ-in beynəlxalq standartlara uyğun fəaliyyəti üçün mühüm olduğunu deyib.

Qeyd edək ki, “Star” NEZ cari ilin sonuna kimi 8 milyon ton xam məhsul emal edəcək. Zavodda ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qaz (LPG), neft koksu və kükürd istehsal olunacaq. Layihənin ümumi sərmayə qoyuluşu 6,3 milyard dollar təşkil edir ki, bunun 90 faizi artıq investisiya edilib. 2021-ci ilədək başa çatacaq investisiya ilə “Star”ın ümumi tutumu artırılacaq. Sonda investisiya ümumilikdə 7 milyard dollara çatacaq.

Ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” zavodunun açılış mərasimi olub. “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 1300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb. Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. NEZ ildə 500 milyon dollarlıq məhsul ixrac edəcək.