logo

Pərviz Şahbazo Dünya Neft Şurasının tədbirlərində çıxış edəcək

14:54 21-06-2019 | icon 6356
Pərviz Şahbazo Dünya Neft Şurasının tədbirlərində çıxış edəcək

İyunun 22-də energetika naziri Pərviz Şahbazov Dünya Neft Şurasının növbəti iclası və 6-cı Gənclər Forumunda iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

Energetika Nazirliyindən  YeniAvropa-ya bildirilib ki, 62 üzvdən ibarət Dünya Neft Şurasının iyunun 22-də keçiriləcək iclasında Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil ediləcək. Tədbirdə P.Şahbazovun çıxışı, neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən videoçarx və təqdimatların nümayişi nəzərdə tutulub. Həmçinin Dünya Neft Şurası üzvlərini ölkəmiz barədə daha ətraflı məlumatlandırmaq məqsədilə Azərbaycan xüsusi stendlə təmsil olunacaq.

İclas çərçivəsində Dünya Neft Şurasının 2023-cü ildəki 24-cü Dünya Neft Konqresinə ev sahibliyi edəcək ölkə də müəyyənləşdiriləcək. 2005-ci ildən Dünya Neft Şurasında təmsil olunan Azərbaycan da tədbirin ev sahibliyinə 5 namizəd ölkədən biridir.

İyunun 23-də isə Energetika naziri Dünya Neft Şurasının təşkilatçılığı və Rusiyanın Energetika Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Gənclər Forumunda iştirak edəcək. Forumda “Enerji transformasiyası, gələcəyin enerji xəritəsi” mövzusunda Rusiyanın energetika naziri Aleksandr Novakla yanaşı, P.Şahbazov da çıxış edəcək.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində üç ildən bir keçirilən forum neft-qaz sahəsində gənc mütəxəssislər, ekspertlər və şirkətlərin təcrübələrini bölüşdüyü beynəlxalq platforma hesab edilir.