logo

II Avropa Oyunlarında Azərbaycan komandasının bayraqdarı Rüstəm Orucov olacaq

19:31 20-06-2019 | icon 3003
II Avropa Oyunlarında Azərbaycan komandasının bayraqdarı Rüstəm Orucov olacaq

Minskdə keçiriləcək II Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarının adı açıqlanıb.

Azərbaycan Milli Olimpiya Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, komandamızın bayraqdarı Olimpiya Oyunlarının mükafatçısı cüdoçu Rüstəm Orucov olacaq.

Qeyd edək ki, II Avropa Oyunları iyunun 21-30-da Minskdə keçiriləcək. Oyunlar zamanı Belarus paytaxtına Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının, 2 minə yaxın məşqçi və heyət üzvünün gələcəyi gözlənilir. Oyunlarda idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparılacaq. İdmanın 8 növü üzrə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçiriləcək.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. “Bakı-2015”də Azərbaycan idmançıları 56 medal (21-15-20) qazanaraq komanda hesabında Rusiyadan sonra ikinci pillədə yer alıblar.