logo

Lənkəran-Lerik avtomobil yolu yenidən qurulur

15:53 20-06-2019 | icon 2597
Lənkəran-Lerik avtomobil yolu yenidən qurulur

Respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri davam etdirilir.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, yol 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3,5 metr, çiyinlərin eni isə 2,5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində yol profilə salınır və yeni yol yatağı inşa edilir. Avtomobil yolunun bir-neçə hissəsində sürüşmə əraziləri mövcud olduğu üçün burada yol yatağının əlavə bərkidilməsi işləri də aparılır, dəmir-beton küvetlər inşa edilir. Bundan başqa, bu və digər ərazilərdə istinad divarı inşa edilir, dəmir-beton svaylar vurulur, drenaj xətləri çəkilir və yeni suötürücü borular quraşdırılır. Torpaq işləri yekunlaşan ərazilərdə asfaltlanma işləri görülür. Layihəyə uyğun olaraq, yolda olan mövcud körpülərin təmiri və genişləndirilməsi işləri aparılır.

İşlərin tərtib olunmuş qrafikə uyğun bu ilin sonu, gələn ilin əvvəli yekunlaşdırılması nəzərdə tutulub. Bütün işlər vətəndaşların hərəkətinə və təhlükəsizliyinə maneə yaratmadan aparılır. Bunun üçün ərazilərboyu müvəqqəti yol hissələri salınmaqla əlavə təhlükəsizlik tədbirləri görülüb. Yenidənqurma işlərinin sonuncu mərhələsində yolboyu 6 avtobus dayanacağı, hərəkətin normal təşkili üçün yolboyu zəruri olan yerlərdə yol nişanı, məlumatverici lövhə, siqnal dirəkləri və kilometr göstəriciləri quraşdırılacaq.

Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə, nəqliyyat xərclərinin azalmasına zəmin yaratmaqla, kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək.