logo

“KazMunayGaz”ın “Sətti” qazma qurğusu Bakıda modernləşdiriləcək

12:11 20-06-2019 | icon 2688
“KazMunayGaz”ın “Sətti” qazma qurğusu Bakıda modernləşdiriləcək

Qazaxıstanın Ersay limanından yola düşmüş “KazMunayGaz” şirkətinin “Sətti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın “Caspian Drilling Company” (CDC) MMC-nin müasir dəniz təchizat və logistika bazasına yan alıb.

YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR-dan bildirilib. Qeyd edilib ki, qurğunun qarşılanma mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Qazma qurğularının tikintisi və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik CDC-nin müasir təchizat və logistika bazasında “Sətti” qazma qurğusunun modernləşdirilməsi həyata keçiriləcək. Modernləşdirmə işlərinin cari ilin sonunda yekunlaşması gözlənilir. Modernləşdirildikdən sonra qurğu ilə 6000 metrdən çox dərinliyə malik kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılması mümkün olacaq, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabiliyyəti artacaq. Qurğunun ilk növbədə Abşeron yarımadasının SOCAR və "BP" tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid”-“Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.

Qurğunun qarşılanma mərasimindən sonra SOCAR və “KazMunayQaz" rəhbərliyi Heydər Əliyev adına dərin özüllər zavoduna baş çəkib, SOCAR-ın “BOSŞelf” müəssisəsinin həyata keçirdiyi layihələrlə tanış olublar.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında SOCAR ilə “KazMunayGaz” arasında imzalanmış memoranduma əsasən, “Sətti” özüqalxan üzən qazma qurğusu SOCAR-ın CDC şirkətinə etibarlı idarəetməyə verilib.

Qeyd edək ki, “KazMunayGaz” Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən operatordur. Şirkət 2002-ci ildə yaradılıb. Onun tərkibində 190-dan çox təşkilat birləşib. “KazMunayGaz”ın səhmdarları “Samruk-Kazyna” Milli Sərvət Fondu (90 faiz) və Qazaxıstan Milli Bankıdır (10 faiz).

CDC şirkəti isə 1996-cı ildə yaradılıb. Hazırda SOCAR-ın CDC-dəki payı 92,44 faizdir. CDC-yə məxsus “Dədə Qorqud” (1996), “İstiqlal” (1998) və “Heydər Əliyev” (2017) adına yarımdalma qazma qurğuları hazırda Xəzər dənizinin Azərbaycana aid hissəsində müxtəlif beynəlxalq miqyaslı layihələrdə fəaliyyət göstərir.