logo

Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir

17:50 19-06-2019 | icon 2499
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir

İyunun 19-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

 YeniAvropa xəbər verir  ki, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov qeyd edib ki, ölkədə  həyata keçirilən tədbirlərin nəticəsi olaraq, qeyri-neft sektorunda ixrac 2017-2018-ci illərdə 36,5 faiz, bu ilin ilk 5 ayında isə 17,8 faiz artıb. Bu ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının ixracında 37,6 faiz artım olub.

Qeyri-neft sənaye məhsulları ixracının artığını qeyd edən nazir müavini bu sahədə digər mexanizmlərlə yanaşı, sənaye parklarının rolunu da qeyd edib və burada istehsal olunmuş 1,4 milyard manatadək məhsulun 267 milyon manatlıq hissəsinin ixrac olunduğunu bildirib.

Azərbaycanın ixrac məhsullarının çeşidlərinin artdığını vurğulayan R.Məmmədov Azərbaycandan 2166 adda məhsulun xarici bazarlara çıxarıldığını diqqətə çatdırıb. Bildirib ki, bununla yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı da artır. Belə ki, bu ilin 5 ayında xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların sayı 74 faiz artaraq 18,4 minə çatıb.

Nazir müavini qeyd edib ki, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur. Qeyri-neft ixracının stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək xarici ölkələrə 29 ixrac missiyası təşkil edilib. Azərbaycan məhsulları indiyədək 24 beynəlxalq sərgidə nümayiş olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar əldə edilib, müqavilələr imzalanıb.

Qeyd edilib ki, bundan başqa, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici ölkələrdə Azərbaycan ticarət və şərab evləri yaradılır. Belə ki, 2017-ci ildə Belarusda, 2018-ci ildə Ukrayna, Latviya, Polşa və Çində, bu ilin yanvarında isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Azərbaycan ticarət evləri açılıb. Bu ticarət evlərinin hər birində müxtəlif növ Azərbaycan məhsullarının daimi sərgisi, Çinin Urumçi və Şanxay şəhərlərində Azərbaycan şərab evləri fəaliyyət göstərir. Bu şəbəkənin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu ilin sonunadək Qazaxıstanın Nur-Sultan şəhərində ticarət evinin, Rusiyada və Çində şərab evlərinin açılması nəzərdə tutulur.

Bildirilib ki, Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri fəaliyyət göstərir, bu mexanizmlər Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələri ölkəmizin iqtisadi maraqlarının təmin olunmasında, xarici investorların cəlb edilməsində, potensial alıcılarla əlaqələrin qurulmasında mühüm rol oynayır.

Diqqətə çatdırılıb ki, hazırda Rusiyada “Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin yaradılması layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilk mağaza bu ilin martında Moskvada açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması planlaşdırılır.

Nazir müavini deyib ki, ixracla bağlı geri ödəmə mexanizminin tətbiq olunması da qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasında mühüm rol oynayır. Bildirib ki, sahibkarlara cari ilin ötən dövrü ərzində bu mexanizm çərçivəsində 5 milyon manatdan çox ixrac təşviqi, indiyədək isə 13 milyon manatdan artıq ixrac təşviqi ödənilib.

AZPROMO-nun rəhbəri vəzifəsinin icra edən Yusif Abdullayev isə Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının artırılması, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində AZPROMO tərəfindən görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Qeyd edib ki, bu ilin əvvəlindən Azərbaycan məhsulları 7 beynəlxalq sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunub. Bunlar Almaniyanın paytaxtı Berlində “Beynəlxalq Yaşıl Həftə 2019”, “Fruit Logistica 2019”, “Prowein 2019”, Rusiyanın paytaxtı Moskvada “Prodexpo 2019”, “Mosbuild 2019”, BƏƏ-də “Gulfood 2019” və Çində təşkil edilmiş “Sial China 2019” beynəlxalq sərgiləridir.

Diqqətə çatdırılıb ki, həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan şirkətləri bu ilin sonunadək Rusiyada “Worldfood Moscow”, Almaniyada “Anuga 2019” və Çində təşkil olunacaq “Food and Hotel China” beynəlxalq sərgilərində iştirak edəcəklər.

Məlumat verilib ki, bu il 4 xarici ölkəyə 5 ixrac missiyası təşkil olunub. Belə ki, cari ilin ilk aylarında Azərbaycan ixrac missiyası Çin, Polşa, Latviya və Qətərdə olub. Bu ilin iyun və iyul aylarında isə İsveçrənin Surix və Bern şəhərlərinə, eləcə də Rusiyanın Yekaterinburq şəhərinə ixrac missiyası təşkil olunacaq.

Tədbirdə ixracın genişləndirilməsi istiqamətində həyata keçirilən kompleks stimullaşdırıcı tədbirlər barədə məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.