İyunun 16-da Astara Olimpiya İdman Kompleksində “Topaz Futbol Festivalı-2019” çərçivəsində mini-futbol üzrə regional turnir keçirilib.
YeniAvropa xəbər verir ki, regional turnirdə Astara, Lənkəran, Masallı və Lerik rayonlarını təmsil edən 8 komanda qələbə uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirin finalında “Xəzər-Lənkəran” və “Masallı” komandaları qarşılaşıblar.
Final görüşündə daha inamlı oyun nümayiş etdirən “Xəzər-Lənkəran” komandası rəqibinə 2:1 hesabı ilə qalib gələrək regional turnirin qalibi olub. Astaranın “Ərçivan” komandası isə turnirdə üçüncü yeri tutub.
Qaliblərə diplom, medal və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Topaz Futbol Festivalı-2019” çərçivəsində ölkəmizin 6 bölgəsini əhatə edən turnirin qalibləri iyulun 13-14-də Bakıda keçiriləcək final yarışlarında qarşılaşacaqlar.
Mini-futbol üzrə növbəti regional yarışlar iyunun 22-23-də Gəncə, iyunun 29-30-da Qaxda və iyulun 6-7-də isə Sumqayıtda keçiriləcək.