logo

Bakıda beynəlxalq badminton turnirinə start verilib

10:32 06-06-2019 | icon 3129
Bakıda beynəlxalq badminton turnirinə start verilib

İyunun 6-da Bakı İdman Sarayında  “Azerbaijan International 2019” beynəlxalq badminton turniri start götürüb.

 YeniAvropa xəbər verir  ki, turnir Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının (ABF) təşkilatçılığı, Dünya Badminton Federasiyasının və Avropa Badminton Konfederasiyasının birgə dəstəyi ilə keçirilir.

Qeyd edək ki, “International Challenge” seriyalı turnirdə 39 ölkədən 220-ə yaxın idmançı mübarizə aparır. Bu, “International Challenge” seriyalı turnirlər üçün rekord göstəricidir. Turnirin ümumi mükafat fondu 25 min ABŞ dollar təşkil edir.

Beynəlxalq Badminton Federasiyasının təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq “Azerbaijan International” turnirində beş kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək.

Azərbaycan bu beynəlxalq turnirdə geniş heyətlə təmsil olunacaq. Turnirdə 20 badmintonçumuz mübarizə aparacaq. Görüşləri Avropadan və Asiyadan olan 16 hakim idarə edəcək. Əsas hakimlər arasında Azərbaycandan Fidan və Gülcənnət Hüseynli bacıları da var.