logo

“Liverpul” tarixində altıncı dəfə UEFA Çempionlar Liqasının qalibi olub

01:10 02-06-2019 | icon 3199
“Liverpul” tarixində altıncı dəfə UEFA Çempionlar Liqasının qalibi olub

İyunun 1-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final görüşü keçirilib.

YeniAvropa xəbər verir ki, Madriddəki “Vanda Metropolitano” stadionunda iki ingilis klubu – “Tottenhem” və “Liverpul” qarşılaşıblar.

Sloveniyalı baş hakim Domir Skominanın idarə etdiyi oyunda hesab erkən açılıb. Matçın 2-ci dəqiqəsində “Liverpul”un futbolçusu Sadio Manenin ötürməsindən sonra top “Tottenhem”in cərimə meydançasında müdafiəçi Musa Sissokonun əlinə dəyib. Hakim “Tottenhem”in qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Zərbəni dəqiq yerinə yetirən Məhəmməd Salah hesabı açıb - 1:0. Birinci hissənin qalan dəqiqələrində hesab dəyişməyib və “Liverpul” fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ikinci hissəsi də qarşılıqlı hücumlarla yadda qalıb. Hesabda geridə olan “Tottenhem” sürətli əks-hücumlarla rəqibin müdafiə xəttini yarmağa çalışsa da, növbəti qolu matçın sonunda rəqib komanda vurub. Qarşılaşmanın 87-ci dəqiqəsində Divok Origi “Liverpul”un ikinci topunu rəqib qapısından keçirərək görüşdə son nöqtəni qoyub – 2:0.

Beləliklə, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasında “Tottenhem”i 2:0 hesabı ilə məğlub edən “Liverpul” tarixində altıncı dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.

Final matçından sonra qaliblər mükafatlandırılıb.

Xatırladaq ki, “Liverpul” 1977-ci, 1978-ci, 1981-ci, 1984-cü və 2005-ci illərdə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. Komanda ümumilikdə üç dəfə bu turnirin finalında məğlub olub. “Liverpul” ötən mövsüm turnirin finalında “Real Madrid”ə 1:3 hesabı ilə uduzub. “Mersisaydlılar” sonuncu çempionluğu 2005-ci ildə İstanbulda “Milan”ı əsas vaxtı 3:3 hesabı ilə başa çatan qarşılaşmada 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək çempion olub.

Komanda, həmçinin üç dəfə (1973, 1976, 2001) UEFA Kubokunu, üç dəfə isə UEFA Super Kubokunu (1977, 2001, 2005) başı üzərinə qaldırıb.