logo

Bu gündən Azərbaycanda ov mövsümü açıq elan edilir

15:48 01-06-2019 | icon 58478
Bu gündən Azərbaycanda ov mövsümü açıq elan edilir

Azərbaycanda 2019-2020-ci illərin ov mövsümü iyunun 1-dən etibarən açıq elan edilir.  YeniAvropa xəbər verir  ki, ov qaydaları, mövcud tələblər, ovu qadağan olunmuş növlərlə bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov  fikirlərini bölüşüb: 

-Hər il ov mövsümünün mayın sonu iyunun əvvəli açıq elan edilməsinin səbəbi nədir?

-Məlumdur ki, vəhşi heyvan və quşların ovuna icazə verilərkən ilk növbədə onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Ona görə də heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növləri 1,5-2 ay ovlamaq mümkün olduğu halda, digər növlər üçün bu müddət 4-5 aya bərabər olur.

Ov mövsümünün başlanması məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri üzrə Koordinasiya Şurası tərəfindən müzakirə edilib və iyunun 1-dən etibarən 2019-2020-ci illərin mövsümünün başlanmasına qərar verilib.

-Builki ov mövsümündə vəhşi heyvanların ovlanmasına hansı müddətlərdə icazə verilir?

-Dağıstan turu iyunun 1-dən – oktyabrın 12-dək, qaban (çöldonuzu) sentyabrın 14-dən dekabrın 21-dək, dovşan noyabrın 16-dan gələn il yanvarın 11-dək, bataqlıq qunduzu (nutriya) – oktyabrın 5-dən fevralın 15-dək, cüllüt (ağquyruq çökük burun, qırqıldayan cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla) sentyabrın 14-dən noyabrın 23-dək, qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla), ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla), qaşqaldaq oktyabrın 12-dən martın 7-dək, alabaxta və bildirçin avqustun 24-dən noyabrın 16-dək ovlana bilər.

-Ov üçün icazə necə və hansı təşkilatlardan alınır?

-Ovçular nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər idarələrinə müvafiq sənədlərini təqdim etməklə ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir.

-Vaxtaşırı olaraq mətbuatda icazəsiz ov edən şəxslərin saxlanılması, cərimə edilməsi barədə məlumatlar yayılır. Bu o deməkdirmi ki, ov turizmi ilə məşğul olanlar qaydaları bilmir?

-Ola bilər ki, ovçuluğa yeni başlayanlar bəzi qaydaları və tələbləri bilməsinlər. Lakin hesab edirəm ki, təcrübəli ovçuların böyük əksəriyyəti qaydalardan xəbərdardır. Hər il ov mövsümünün başlanğıcında biz ictimaiyyətə kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə maarifləndirici məlumatlar veririk.

-Ovçu qaydaları pozmaması üçün, yəni cərimələnməməsi üçün nələri bilməlidir?

- Ovla məşğul olan şəxs ilk növbədə ov üçün icazə bileti almalıdır. Həmçinin ov üçün icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və onların hansı müddətlərdə ovlanmasını bilməlidir. Bu qaydalar və tələblər yerinə yetirilsə, kimsə cərimələnməz.

-Hansı ərazilərdə ov edilə bilər və hansı heyvanların ovlanmasına icazə var?

-Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə qaban (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı, Dağıstan turu Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz, dovşan Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında, vəhşi quşlar yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər. Bununla bağlı daha ətraflı məlumatı nazirliyin saytının elanlar bölməsindən əldə etmək olar.

-Bəs, hansı ərazilərdə ov etmək olmaz?

- Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov etmək olmaz.

-Sonda ovçulara tövsiyələriniz...

- Ov turizmi ilə məşğul olanlar qaydalara dəqiq əməl etsinlər və odlu silahla ehtiyatlı davransınlar.