logo

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

23:42 30-05-2019 | icon 4963
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

Mayın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilib.

YeniAvropa xəbər verir  ki, tədbir prezidentin görkəmli ədibin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı müvafiq sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib.Mərasimdə dövlət rəsmiləri, ədəbiyyat, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə Filarmoniyanın foyesində İsmayıl Şıxlının həyat və fəaliyyətindən bəhs edən foto və əsərlərinin nümayiş olunduğu kitab sərgisi ilə tanış olublar.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İsmayıl Şıxlının zəngin yaradıcılığından söhbət açaraq, ədibin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Ədibin əsərlərində yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını bildirib.

Qeyd edib ki,xalq yazıçısı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin xüsusi ilə məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilirdi.

Bildirib ki, İsmayıl Şıxlı yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda, xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Vurğulayıb ki, yazıçı “Ayrılan yollar”, “Bizim qəribə taleyimiz”, “Dəli Kür” və milli düşüncəmizin inkişafına töhfə verən digər sanballı nəsr əsərləri ilə daim qəlblərdə yaşayacaq.

Vaqif Əliyev qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən İsmayıl Şıxlının biblioqrafiyası çap olunub, onun haqqında elektron məlumat bazası hazırlanıb. Yaxın vaxtlarda “Ölən dünyam” əsəri rus dilində nəşr olunacaq.

Digər çıxışlarda vurğulanıb ki, yazıçı ömrünün sonunadək qələminə sadiq qalıb və ədəbiyyatımıza dəyərli nəsr əsərləri bəxş edib.

Sonra görkəmli yazıçının həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Əsərlərindən parçalar səsləndirilib.