logo

Gənc güləşçilərimiz Avropa çempionatında çıxış edəcəklər

18:49 29-05-2019 | icon 3010
Gənc güləşçilərimiz Avropa çempionatında çıxış edəcəklər

İyunun 3-dən 9-dək İspaniyanın Pontevedra şəhərində keçiriləcək gənclərin Avropa çempionatında çıxış edəcək millilərimizin heyətini açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından(AGF) YeniAvropa-ya bildiriblər ki, bu munasibətlə mayın 29-da Federasiya prezident əvəzi Namiq Əliyev gənclərdən ibarət yığmalarımızla görüşüb.

N.Əliyev bütün pəhləvanlara qitə birinciliyində uğurlar arzulayıb: “İdmanda udmaq da olar, uduzmaq da. Ancaq məğlub olanda da gərək mübarizə aparasan. Heç bir əzmkarlıq göstərmədən, qorxaq çıxış etmək bizim güləşçilərimizə yaraşmaz. Uzun yol qət etdikdən sonra çıxıb ilk görüşdə uduzmaq əziyyətin boşa getməsi deməkdir. Hər bir şəxs əzmkarlıq göstərməlidir. Kifayət qədər təcrübəniz var. Böyüklərə keçidə bir addım qalıb. Aranızdan bəzi güləşçilər böyüklər arasında keçirilən yarışlarda da çıxış edib və nəticə qazanıb. Əsas yığmaya cəlb olunmaq adına bu Avropa çempionatı önəmli rol oynayır”.

Daha sonra yunan-Roma güləşi üzrə vitse-prezident Elçin Cəfərov fikirlərini çatdırıb:

“Sizin yaşıdlarınız gələn il Olimpiadada çıxış edəcək. Hesab edirəm ki, güləşçilərimiz heç kimdən geri qalmır. Uğur qazanmağın vaxtıdır. Avropa və dünya birinciliklərində nəticə göstərmək lazımdır. 20-21 yaşında olan idmançılar Olimpiya çempionu olur. Məşqçilər və federasiya rəhbərliyi olaraq sizin üçün əlimizdən gələn hər şeyi edirik. Siz də bacardığınızdan artığını ortaya qoymalısınız. Hamınıza uğurlar”.

Sonda sərbəst güləş üzrə vitse-prezident Firdovsi Umudov bildirib ki, Toğrul Əsgərov Olimpiya çempionu olanda cəmi 19 yaşı var idi. Hazırlıq, təlim-məşq toplanışları keçirilib, dəstək var. Çıxıb xalça üzərində güləşmək, sona kimi mübarizə aparmaq lazımdır.

Heyətlərə gəlincə, iyunun 3-5-də yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Zaur Nuriyev (63 kq), Niyaz Ərzumanov (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Sərxan Məmmədov (130 kq) qüvvəsini sınayacaq.

İyunun 5-7-də xalça üzərinə qadın güləşçilər çıxacaqlar. Avropa çempionatında məşqçi İsaməddin Hüseynovun tapşırıqlarını Şəhanə Nəzərova (50 kq), Ayşən Yusifova (53 kq) və Jalə Əliyeva (62 kq) yerinə yetirməyə çalışacaqlar.

Yarışın son 3 günündə isə meydan sərbəst güləşçilərin ixtiyarına veriləcək. Böyük məşqçi Rövşən Hacıyev və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Azər Əhmədov (57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov (65 kq), Elmar Kazımov (70 kq), Nəsib İsayev (74 kq), Abubakr Abakarov (79 kq), Fuad Mailov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və İslam Abuyev (125 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyacaq.