logo

Dənizkənarı Milli Parkda Azarkeş Festivalı təşkil olunacaq

23:41 24-05-2019 | icon 2877
Dənizkənarı Milli Parkda Azarkeş Festivalı təşkil olunacaq

Mayın 25-də Bakıda UEFA Avropa Liqasının Azarkeş Festivalı keçiriləcək.

AFFA-dan  YeniAvropa-ya bildiriblər ki, festival saat 12:00-dan etibarən ictimaiyyət nümayəndələri üçün açıq olacaq.

Dənizkənarı Milli Parkda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunacaq festival mayın 29-dək davam edəcək.

İctimaiyyət üçün girişin sərbəst Dənizkənarı Milli Parkda ecazkar mənzərənin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə, Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, habelə müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqları sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq və Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək mümkün olacaq. Uşaq Zonasında uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullana bilər, üzlərinə rəsm çəkdirə və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirə bilərlər.

Azarkeş Festivalına təşrif buyuracaq azarkeşlər üçün daha bir sürpriz isə ötən illərin məşhur futbolçularının - ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun mayın 25-də festivalda iştirakı gözlənilir.

Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.