logo

“Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun sahibi oldu

18:53 19-05-2019 | icon 2814
“Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun sahibi oldu

Futbol üzrə Azərbaycan kubokunun final görüşü keçirilib.

 YeniAvropa xəbər verir  ki, Naxçıvan MR stadionunda reallaşan görüşdə “Qəbələ” klubu  “Sumqayıt”a 1:0 hesabla qalib gəlib.

İnqilab Məmmədovun idarə etdiyi görüşdə hesab dördüncü dəqiqəsində qəbələlilər tərəfindən açılıb. Stiven Monroz adını tabloya yazdırıb. Qoldan sonra hesabı bərabərləşdirməyə çalışan “Sumqayıt” klubu rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıb.

Buna baxmayaraq, birinci hissə “Qəbələ” klubunun minimal hesabla üstünlüyü ilə başa çatıb.

Gərgin idman mübarizəsi şəraitində keçən ikinci hissədə komandalar çalışsalar da hesab dəyişilməyib.

Beləliklə, “Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi olub.

Xatırladaq ki, nominal meydan sahibi sayılan “qırmızı-qaralar” indiyədək 3 dəfə həlledici görüşə vəsiqə qazansalar da, hamısında uduzublar. Qəbələnin eyni adlı təmsilçisi 2013-2014 mövsümündə “Neftçi”yə (1:1, penal 2:3), son iki ildə isə “Qarabağ” (0:2) və “Keşlə”yə (0:1) məğlub olub.

“Sumqayıt” isə tarixində ilk dəfə finala adlayıb. Bu komandaların Topaz Premyer Liqanın cari mövsümünə təsadüf edən 4 oyununda tərəflər hərəyə bir dəfə 1:0 hesabı ilə qalib gəlib. Digər iki matçda isə heç-heçə qeydə alınıb – 1:1, 2:2.

“Qəbələ” və “Sumqayıt” kubokda ilk dəfə qarşılaşıblar. Topaz Premyer Liqada isə geridə qalan 28 oyundan yalnız 3-də “gənclik şəhəri” təmsilçisi qalib gəlib. On yeddi görüşdə “Qəbələ” üstün olduğu halda, 8 dueldə bərabərlik olub. “Qırmızı-qaralar” top fərqində də öndədirlər – 47:21.

“Sumqayıt” finala qədər “Neftçi” (2:0, 0:1) və “Zirə”ni (0:0, 3:3) mübarizədən kənarlaşdırıb. “Qəbələ” isə “Sabah”la (1:0, 1:0) “Qarabağ”dan (1:0, 1:2) güclü olub.

Qeyd edək ki, 2018-2019 mövsümündə Topaz Premyer Liqanın qalibi “Qarabağ” olub. Ağdam təmsilçisi ölkəni UEFA Çempionlar Liqasında, gümüş mükafatçı “Neftçi” ilə bürünc mükafatçı “Səbail” və “Qəbələ” ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək.