logo

Səfir Cavanşir Axundov: Azərbaycan-Latviya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

16:28 18-12-2017 | icon 4907
Səfir Cavanşir Axundov: Azərbaycan-Latviya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsi və inkişaf perspektivləri ilə bağlı AZƏRTAC-a müsahibə verib:

-Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

-Ölkələrimiz arasında geniş siyasi təmaslar hələ ötən əsrin əvvəllərində qurulub, iki ölkənin dövlət müstəqilliyinə qarşılıqlı dəstək ifadə edilib. Gələn il biz hər iki ölkənin müstəqilliyinin 100 illiyini qeyd edəcəyik. Bu gün ikitərəfli siyasi əlaqələrimizin səviyyəsini yüksək qiymətləndirmək olar. Bu xüsusda qeyd etmək istərdim ki, Latviya tərəfi istər ikitərəfli səviyyədə, istərsə də beynəlxalq platformalarda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə öz dəstəyini ifadə edib. Həmçinin ölkələrimiz arasında Avropa strukturları çərçivəsində, Şərq Tərəfdaşlığı və digər beynəlxalq platformalarda yaxın əməkdaşlıq həyata keçirilir.

Hazırda iki ölkənin dövlət başçıları, parlamentləri, hökumətləri, bələdiyyə və digər dövlət qurumları arasında sıx əməkdaşlıq mövcuddur. Təkcə son iki ildə ölkələrimizin prezidentləri, parlament sədrləri, xarici işlər, ədliyyə nazirləri və digər yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri həyata keçirilib, Hökumətlərarası Komissiyanın iki iclası baş tutub, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul edilib və mühüm sazişlər imzalanıb.

-Cari ildə ikitərəfli əlaqələrimizin inkişaf dinamikası əsasən hansı hadisələrlə yadda qalıb?

-Bu ildə ikitərəfli əlaqələrimizin inkişaf dinamikası həm yüksək siyasi təmasların artırılması, həm də iqtisadi-ticari, mədəniyyət, turizm, idman və digər sahələrdə əlaqələrimizin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu xüsusda yola saldığımız ilin ən mühüm siyasi hadisələri olaraq mart ayında Latviya Prezidenti Raymonds Veyonisin V Qlobal Bakı Forumu çərçivəsində Azərbaycana səfəri, həmçinin iyulun 16-18-də Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfərini misal göstərmək olar. Prezident İlham Əliyevin Latviyaya səfəri zamanı iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, gömrük, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair sazişlərlə yanaşı, strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Ümumilikdə, indiyə qədər ölkələrimiz arasında 40 sənəd imzalanıb.

Daha bir önəmli səfəri qeyd etmək istərdim. Cari il fevralın 13-14-də Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər etdi. Səfər zamanı gündəlikdə duran bir məsələlər ətrafında müzakirələr aparılıb, Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza rejimindən azad edilməsi haqqında saziş imzalanıb.

Parlamentlərarası əlaqələrimiz də uğurlu inkişaf yolu keçib. İki ölkə arasında aktiv parlament diplomatiyası həyata keçirilib, qarşılıqlı səfərlər və görüşlər intensiv xarakter alıb. Hazırda hər iki ölkənin parlamentində əməkdaşlıq üzrə müvafiq işçi qruplar fəaliyyət göstərir. 2015-ci il fevralın 26-da Latviya Seyminin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı faciəsinin insanlıq əleyhinə cinayət olduğunu bildirən bəyanat qəbul edib. İki ölkənin parlament sədrləri arasında yaxın işçi və dost münasibətlər yaranıb. 2016-cı ilin oktyabr ayında Latviya Seyminin sədri İnara Murniyetse Azərbaycana, 2017-ci ilin may ayında isə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Latviyaya səfər edib.

İki ölkənin ədliyyə orqanları arasında da sıx əməkdaşlıq həyata keçirilir. Bu il sentyabrın 13-də Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun geniş nümayəndə heyəti ilə Latviyaya səfəri və iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, həmçinin oktyabrın 18-də Latviyanın ədliyyə naziri Dzintars Rasnaçsın yüksək səviyyəli nümayəndə heyəti ilə ölkəmizə səfəri hüquqi sahədə əməkdaşlığımızın dərinləşdirilməsinə öz töhfəsini verib.

-İqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində hansı işlər görülüb?

-İkitərəfli iqtisadi-ticari əlaqələrimiz də uğurla inkişaf edir. Coğrafi məsafəyə baxmayaraq Latviya və Azərbaycanın paytaxtlarını 3 aylıq mövsümi uçuşlar birləşdirir və hazırda müvafiq reysləri Latviyanın “AirBaltic” aviaşirkəti həyata keçirir. 2018-ci ildə bu reyslərin müddətinin 6 aya qədər uzadılması qərara alınıb. Bu isə öz növbəsində iki ölkə arasında sərnişin, tranzit yükdaşımalarına, ticarətin və turizmin inkişafına öz təsirini göstərəcək və nəticədə aviareyslərin gələcəkdə bütün il boyu həyata keçirilməsinə geniş imkanlar açacaq.

Ölkələrimiz beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi çərçivəsində də əməkdaşlığa xüsusi maraq göstərir və hazırda bu istiqamətdə davamlı iş aparılır. Həmçinin hər iki ölkədə biznes və sərmayələrin qarşılıqlı təşviqi istiqamətində fəaliyyətimiz davam edir. Yaxın zamanda Latviyada Azərbaycanın Ticarət Evinin açılması planlaşdırılır. Hazırda iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir və bu ilin iyun ayında Bakıda komissiyasının 7-ci iclası keçirilib. Hazırda Latviya tərəfi Azərbaycanla əczaçılıq, yeyinti sənayesi, metal emalı, yaşıl texnologiyalar, kənd təsərrüfatı, tikinti, turizm, nəqliyyat və tranzit sahələrində əməkdaşlığa maraq göstərir.

Həmçinin müasir logistika, tranzit və regional bazarlara çıxış imkanları baxımından əlverişli coğrafi məkanlarda yerləşən Azərbaycan və Latviya müvafiq olaraq Cənubi Qafqaz və Baltik regionunda strateji əməkdaşlığa böyük maraq göstərir. Bu yaxınlarda MDB və Baltik ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası çərçivəsində iki ölkənin dəmir yolu administrasiyaları arasında sərnişin və yük daşımaları sahəsində əməkdaşlığın inkişafına qərar verilib. Latviya tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən də istifadə etmək niyyətindədir. Latviya tərəfi ZUBR dəmir yolu xətti layihəsi üzrə də Azərbaycanla əməkdaşlığa və bu Layihə vasitəsilə Latviyanın İpək Yoluna qoşulmasına maraq göstərir.

-Humanitar sahədə əlaqələrimizin səviyyəsi barədə nə deyərdiniz?

Elm, təhsil və mədəniyyət sahələrində də əlaqələrimiz uğurla inkişaf edir. Latviya ali məktəblərində hər il orta hesabla 150 azərbaycanlı tələbə təhsil alır.

Mədəniyyət sahəsində əlaqələrin davamlı inkişafına yönəlmiş tədbirlər sırasında xalqlararası mədəni təmasların gücləndirilməsi və bu istiqamətdə Azərbaycanın tarixi və mədəni irsinin Latviya ictimaiyyəti arasında təbliği işinə geniş yer verilib. Bunlardan misal olaraq 2016-cı ildə səfirliyimiz tərəfindən Latviya Respublikasının milli-mədəni mərkəzlərindən biri sayılan Latviya Universitetinin Akademik Kitabxanasında (http://www.acadlib.lu.lv/) Azərbaycan mədəniyyət-informasiya mərkəzinin - “Azərbaycan guşəsi”nin açılmasını göstərmək olar. Hazırda bu mərkəzdə tərəfimizdən Azərbaycana dair təqdimat xarakterli silsilə tədbirlər həyata keçirilir. Cari il dekabrın 11-də burada Latviya ictimaiyyətinin tanınmış nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “İnkişafın analogiyası: Azərbaycan və Latviya inkişaf yolunda” mövzusunda “dəyirmi masa” keçirilib.

Latviya Respublikasının sabiq prezidentləri xanım Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Valdis Zatlers isə Mərkəzin üzvüdür.

Bu gün Latviyada ölkəmizin tarixi-mədəni irsinin təbliği istiqamətində də fəaliyyətimiz davam edir. Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçiriləcəyini nəzərə alaraq, səfirliyimiz tərəfindən Azərbaycanın tarixi, ədəbiyyatı, incəsənəti, musiqişünaslığı, memarlığı, mətbəxi, uğurlu daxili və xarici siyasəti, sosial-iqtisadi nailiyyətləri, milli ənənələri, dövlət rəmzləri və s. mövzularda kitab sərgilərinin, habelə iki ölkənin dövlətçilik tarixi mövzusunda birgə elmi konfransların, Azərbaycan musiqi mədəniyyəti və bu xüsusda Azərbaycanın muğam və digər milli musiqi və rəqs nümunələrindən ibarət konsert proqramlarının, Azərbaycan mətbəxi günlərinin və ya milli kulinariya festivalının keçirilməsi nəzərdə tutulur.