logo

Topaz Premyer Liqası mövsümə yekun vurdu:"Qarabağ","Neftçi" və "Səbail"ə medallar təqdim edildi 

23:10 11-05-2019 | icon 3136
Topaz Premyer Liqası mövsümə yekun vurdu:"Qarabağ","Neftçi" və "Səbail"ə medallar təqdim edildi 

Mayın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019-cu illər mövsümünə yekun vurulub.

YeniAvropa xəbər verir  ki, 28-ci turun son oyununda gümüş mükafatçı "Neftçi" çempionluğu erkən qazanan "Qarabağ"la qarşılaşıb. "Bakcell Arena"da baş tutan matçda qonaqlar qalib gəlib - 3:2.

Oyunda hesabı 15-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Mahir Mədətov açıb. Lakin ilk hissənin sonlarına yaxın "Neftçi" 2 qol vurub. Əvvəlcə 38-ci dəqiqədə Emin Mahmudov, 2 dəqiqə sonra isə Canluka Sansone fərqlənib. İkinci hissədə yenidən M.Mədətov ön plana çıxıb. O, 64-cü dəqiqədə hesabı 2:2 edib. Oyunun 90-cı dəqiqəsində isə Riçard Almeyda Ağdam komandasının qələbə qolunun müəllifi olub.

Beləliklə, "Qarabağ" mövsümü 66, "Neftçi" isə 58 xalla başa vurub.

Mahir Mədətov 16 qolla mövsümün bombardiri olub.

Oyundan sonra "Bakcell Arena"da  2018-2019 mövsümünün yekunlarına əsasən, mükafatlandırma mərasimi təşkil olunub.

Əvvəlcə "Səbail"ə bürünc, sonra isə "Neftçi"yə gümüş medallar təqdim edilib. Sonda səhnəyə "Qarabağ" dəvət olunub. Klub qızıl medallarını aldıqdan sonra Rəşad Sadıqov çempionluq kubokunu başı üzərinə qaldırıb.

Mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim ediblər.

Xatırladaq ki, bu gün Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə çempionluğu bayram edib.

Qeyd edək ki, Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” klubu 1951-ci ildə yaradılıb. Klub 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. İlk dəfə “Qarabağ” 1993-cü ildə Azərbaycanın ən güclüsü olub. Daha sonra “Qarabağ”ın çempionluğu 2014-cü ilə təsadüf edib. Bir ildən sonra “Qarabağ” yenidən titulunu qoruyaraq tarixində 3-cü dəfə çempion olub.

Klubun ən böyük uğuru 2017-2018-ci il mövsümünə təsadüf edir. Həmin il daha üstün oyun nümayiş etdirən “Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu (5:0, 1:0”, II təsnifat mərhələsində Moldavanın “Şerif” komandasını (2:1, 2:1), III təsnifat mərhələsində isə Danimarkanın “Kopenhagen” komandasını (1:0,1:2) məğlub edərək qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamaq şansı qazanıb. Bununla da UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu “Qarabağ” olub. Qrup mərhələsində İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko Madrid” və İtaliyanın “Roma” kimi Avropa nəhəngləri ilə qarşılaşıb.