logo

"İsrafil Hüseynov" gəmisindəki yanğında 14 nəfər xəsarət alıb

21:57 08-05-2019 | icon 3941
"İsrafil Hüseynov" gəmisindəki yanğında 14 nəfər xəsarət alıb

Xəzər dənizində "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə gəminin icarədarı olan "Saipem" şirkəti məlumat yayıb.

"Mayın 8-də, təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal-hazırda "Citadel" gəmisi vasitəsi ilə onların Bakıya çatdırılması işləri aparılır",-deyə şirkətdən  qeyd edilib.

"Saipem"dən həmçinin bildilib ki, gəminin təqribən 01:45 radələrində sahilə çatması gözlənilir: "Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri ictimaiyyətə çatdıracaq".

Şirkətdən verilən məlumatda həmçinin qeyd edilib ki, gəmidə baş verən yanğın artıq  söndürülüb. 

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisində  baş verən qəza barədə  qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev də KİV-ə məlumat verib.  O, “İsrafil Hüseynov” gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdar olduqlarını açıqlayıb: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda “Saipem” şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırlar.  Bütün məlumatları, o cümlədən işçilərin xəsarət alıb-almaması ilə bağlı informasiyanı həmin şirkətdən ala bilərsiniz".

Qeyd olunur ki, vəziyyəti ağır olanlardan ikisi azərbaycanlı, biri malayziyalıdır.