logo

AIBA-ya alternativ təşkilat 2020 Olimpiya Oyunlarında boks turniri keçirə bilər

20:31 04-05-2019 | icon 3192
AIBA-ya alternativ təşkilat 2020 Olimpiya Oyunlarında boks turniri keçirə bilər

Beynəlxalq Boks Federasiyasının (AIBA) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) etimadını itirdiyi təqdirdə ona alternativ olan təşkilat Tokioda keçiriləcək 2020 Olimpiya Oyunlarında boks turnirini təşkil edə bilər. “Reuters” agentliyinin xəbərinə görə, bunu BOK-un prezidenti Tomas Bax bəyan edib.

 YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, ötən il noyabrın 30-da BOK Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi planlarını “dondurub”. Qərar AIBA-ya qarşı təhqiqatın başlanmasından sonra qəbul olunub. BOK rəhbərliyi qeyd edib ki, bu təşkilatın maliyyə məsələləri, idarəetmə və etikası bir neçə suallar doğurur. Xüsusən, Özbəkistan nümayəndəsi Qafur Rəhimovun AIBA-nın rəhbəri vəzifəsinə təyin olunması buna misal göstərilib. Belə ki, yeni rəhbər ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalıb və beynəlxalq cinayətkar şəbəkə ilə əlaqələrdə şübhəli bilinir. Martın 22-də məlum olub ki, Rəhimov müvəqqəti olaraq AIBA-nın başçısı vəzifəsini təhvil verib və onun vəzifəsini keçici icra etmək mərakeşli Mohammed Mustasana həvalə olunub.

Tomas Bax deyib: “Biz boksun olimpiya idman növü olmasını istəyirik və Tokio Olimpiya Oyunlarında boks turniri keçirməyə hazırlaşırıq. Əsas məsələ kiminlə qarşılaşacağımız və onu kimin təşkil edəcəyidir. Bu, AIBA olacaq, yaxud biz başqa təşkilat axtarmalı olacağıq? Hər şey AIBA-ya qarşı aparılan təhqiqatın nəticələrindən asılı olacaq”.

BOK prezidenti qeyd edib ki, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi məsələsi BOK-un mayın 22-də Lozannada olacaq İcraiyyə Komitəsinin iclasında həll ediləcək. O əlavə edib: “İdman tədbirinin keçirilməsi raketqayırma deyil, bu səbəbdən düşünürəm ki, biz buna nail olacağıq”.