logo

Lyuka görə qəza edən "Formula-1" pilotuna cərimə ödəyəcəyik

23:39 28-04-2019 | icon 3241
Lyuka görə qəza edən "Formula-1" pilotuna cərimə ödəyəcəyik

“Yarış çox yaxşı keçdi, yetərincə ötmələr vardı. Başlanğıcda bir qədər sakitçilik olsa da, sonradan maraqlı mübarizə izləyə bildik”.

 YeniAvropa xəbər verir  ki,bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "Formula-1 SOCAR Azərbaycan Qran-Pri"sinin nəticələri barədə danışarkən deyib.

Onun sözlərinə görə, yarış ərzində ötmələr, qəza və digər elementlər görmək olub: “Daniel Rikkardonun yoldan çıxandan sonra bolidini geri verən zaman Daniil Kvyatın maşını vurması maraqlı idi. Yarış insidentsiz keçdi, çox böyük publika vardı. Ötən mövsüm oluğu qədər ajiotaj vardı. Əvvəlki illərdə insanlar daha çox konsert proqramlarına maraq göstərirdilərsə, bu dəfə əsas fikirlərini yarışa yönəltmişdilər. Fikrimcə, builki yarışla bağlı daha çox təsnifat mərhələsi yadda qalacaq”.

A.Rəhimov birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin idarə etdiyi bolidin trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görməsinə də toxunub: “Lyukla bağlı olay "Formula-1"də son 20 ildə 6 və ya 7-ci dəfədir baş verir... Bu, şəhər traslarında tez-tez olur. Bizim səhvimizdir, heç bir insident baş vermədən yoluna qoyduq”.

A.Rəhimov birinci sərbəst yürüş zamanı kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə ilişərək qəza ilə üzləşən “Williams” bolidinə dəymiş zərərin sığorta üzrə ödənəcəyini bildirib: “Bu halda isə problemi vizual olaraq görmək mümkünsüz idi. Problem aşağı hissədən qaynaqlandı, kanalizasiya qapağını saxlayan qarmaqlar pas atıb və nəticədə “Williams”la belə xoşagəlməz hadisə yaşanıb. Amma belə hallar olur. Biz birinci deyilik ki, bununla üzləşirik, Monakoda da, Çində də, Malayziyada da belə olub. Yəni təkcə şəhər trasları deyil, treklərdə də yaşanıb. Təəssüf ki, bu dəfə belə halla biz üzləşdik. Bir neçə dəfə “Williams”dan üzr istədik. Komandaya dəymiş zərər sığorta üzrə ödənəcək. Söhbətin hansı məbləğdən getdiyini hələ bilmirik. Amma dəqiqdir ki, həmin zərər tamamilə ödənəcək. Baş verənlərdən sonra biz hər qapağı 4 dəfə yoxladıq. Mümkün olan hər şeyi bərkitdik. 100 faizlik etibarlılıq yəqin ki, heç yerdə yoxdur. Lakin biz 99,9 faiz təminat veririk”.

İcraçı direktor "SOCAR Azərbaycan Qran-Pri"sinin 2020-ci ildə hansı tarixlərdə baş tutacağını bilmədiklərini deyib: “Formula-1 rəhbərliyi ilə danışırıq. Onlar bizə ilkin təqvimlərini verməlidirlər. İstənilən halda, elə edəcəyik ki, Bakıda "Formula-1"və "AVRO-2020"nin final mərhələsinin oyunları eyni həftəyə düşməsin”.

Xatırladaq ki, "SOCAR Azərbaycan Qran-Pri"sinin qalibi “Mercedes”in pilotu Valtteri Bottas olub.