logo

"Formula-1 SOCAR Azərbaycan Qran-Pri"sinin ikinci gününə yekun vurulub

21:36 27-04-2019 | icon 2793
"Formula-1 SOCAR Azərbaycan Qran-Pri"sinin ikinci gününə yekun vurulub

Aprelin 27-də "Formula-1 SOCAR Azərbaycan Qran-Pri"sinin ikinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb.

YeniAvropa xəbər verir  ki, əvvəlcə "Formula-1 SOCAR Azərbaycan Qran-Pri"si çərçivəsində təşkil olunan "Formula-2"nin birinci yarışı keçirilib. Yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 32 dövrə vurublar. Maraqlı idman mübarizəsinin yekununda “Campos Racing” komandasının pilotu Cek Aitken qalib olub. “ART Grand Prix” komandasının pilotu Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq üçüncü yeri tutublar.

Qaliblərə mükafatları Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Mədət Quliyev və Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid təqdim ediblər.

Aprelin 28-də 23 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.

Sonra "Formula-1 SOCAR Azərbaycan Qran-Pri"sinin üçüncü sərbəst yürüşü olub. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. İştirakçılar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışıblar. Yarışda “Ferrari” komandasının pilotları uğur qazanıblar. Belə ki, Şarl Lekler birinci, Sebastian Fettel isə ikinci olublar. İlk üçlüyü Maks Ferstappen (“Red Bull Racing”) tamamlayıb.

Daha sonra "Formula-1" yarışlarının sıralanma turu təşkil olunub. Maraqlı məqamlarla yadda qalan yarışda “Mercedes” komandasının pilotları Valtteri Bottaş və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar. V.Bottaş 1 dəqiqə 40,495, L.Hamilton isə 1 dəqiqə 40,554 saniyəlik nəticə göstəriblər. “Ferrari”nin pilotu Sebastyan Fettel (1 dəqiqə 40,797 saniyə) üçüncü yerdə qərarlaşıb. Sıralama turunun nəticələrinə əsasən, aprelin 28-də keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib.

"Formula-1 SOCAR Azərbaycan Qran-Pri"si əsas yarışı aprelin 28-də keçiriləcək. "Qran-Pri2nin sonuncu günündə saat 11:20-dən 12:00-dək azarkeş zonasında “Williams”, “Racing Point”, “McLaren”, “Haas” və “Toro Rosso” komandalarının pilotlarının avtoqraf sessiyaları olacaq. Saat 13:10-da "Formula-2" üzrə ikinci yarış start götürəcək.

Bundan sonra ən həyəcanlı anlar başlayacaq. Belə ki, saat 14:30-dan 15:00-dək açılış mərasimi və pilotların paradı təşkil olunacaq.

Dövlət himninin səsləndirilməsindən sonra – saat 16:10-da "Formula-1 SOCAR Azərbaycan Qran-Pri"sinə start veriləcək və pilotlar iki saat ərzində Bakı trekində 51 dövrə vuracaqlar. Trekin möhtəşəmliyi ilə digər yarışlardan fərqlənən Bakı şəhər halqasında pilotların gərgin idman mübarizəsi nəticəsində dünya çempionatının dördüncü mərhələsinin qalibi müəyyənləşəcək.

Günün sonunda “Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B avtoidman həvəskarlarına unudulmaz anlar bəxş edəcəklər. Səhər saatlarınadək davam edəcək DJ-lərin konsert proqramında isə əsl bayram ab-havası yaşanacaq.

Qeyd edək ki, ötən üç Qran-Pridən sonra pilotların yarışına 44 xalla “Mercedes”in pilotu Valtteri Bottaş liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. “Red Bull Racing”in hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, “Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar. Cari çempionatın geridə qalan üç mərhələsində, eləcə də bugünkü sıralama yürüşündə “Mercedes” komandasının pilotlarının inamlı çıxışı onların Bakıdakı yarışda da uğurla çıxış edəcəkləri ehtimalını gücləndirir.

Üç Qran-Prinin yekununda Konstruktorların yarışında “Mercedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 73, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 52 xalı var.

Builki Bakı yarışı "Formula-1" idmanı tarixində sayca 1001-ci "Qran-Pri"dir. Çində təşkil olunan Formula 1 üzrə 1000-ci Qran-Pridə qələbə qazanan Luis Hamilton iki yubiley Qran-Prisinin qalibi olan ilk pilot kimi tarixə düşüb. Belə ki, o, həm də 2014-cü ildə Bəhreyndə təşkil olunan 900-cü Qran-Pridə də qələbə qazanıb.

Xatırladaq ki, "Formula-1" yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə təşkil olunan birinci yarışda – "Formula-1 Avropa Qran-Pri"sində “Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan "Formula-1 Azərbaycan Qran-Pri"si “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb. Ötənilki "Qran-Pri"də isə “Mersedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanıb.