logo

Çinli alimlər meymunu klonlaşdırıblar

20:58 25-01-2018 | icon 3178
Çinli alimlər meymunu klonlaşdırıblar

Çinli alimlərin dünyada ilk dəfə olaraq meymunu klonladığı bildirilib. YeniAvropa xəbər verir  ki, bu barədə yerli "Sinxua" agentliyi məlumat yayıb.  Xəbərdə qeyd edilir ki, Çinin Elmlər Akademiyası nəzdində araşdırma mərkəzində alimlər Hua hua və Conq conq adlanan iki uzunquyruq makaka meymununu klonlayıblar.

Şotlandiyada 1996-cı ildə Dolli adlanan qoyunun klonlanması zamanı istifadə edilən üsulun tətbiq olunduğunu bildirən alimlər somatik hüceyrə nüvə transferi metodundan yararlandıqlarını deyiblər.

Bu üsul zamanı iki fərqli canlıdan transfer edilən hüceyrələr bir yumurtaya yerləşdirilir. Əvvəlcə süni mühitdə bu yumurta elektrik şoku ilə iki yerə bölünür. Uğurlu nəticə verən həmin yumurta daha sonra inkişaf prosesinin başladılması üçün daşıyıcı anaya yerləşdirilir. Lakin təcrübə heyvanlarının bir çoxu doğumdan sonra yaşamırlar. Təxminən bir ay öncə doğulan iki makaka meymununun südlə qidalandığı və inkişaflarında problem olmadığı qeyd edilib. Makaka meymunlarının insanabənzər strukturları olduğu üçün klonlamada çətinliklər yaranıb, həmçinin iki meymun üçün 127 yumurta və 79 embrion istifadə edilib. Tədqiqatçı qrupu klonlama zamanı yaranan çətinliklər səbəbindən üç il mübarizə aparıblar.

Xatırladaq ki, dünyada ilk dəfə 1958-ci ildə qurbağa körpəsi, 1963-cü ildə sazan balığı, 1996-cı ildə isə qoyun klonlaşdırılıb. Yetişkin bir qoyundan alınan hüceyrə ilə təcrübələr aparılıb və 227-ci sınaqda müvəffəqiyyət əldə edilib. Dolli adı verilən qoyunun klonundan sonra donuz, inək, it, dovşan və siçan kimi bir çox heyvanlar klonlaşdırılıb.