logo

İsraildə “Eurovision-2019” müsabiqəsinə biletlərin satışı bərpa olunub

19:51 15-03-2019 | icon 4942
İsraildə “Eurovision-2019” müsabiqəsinə biletlərin satışı bərpa olunub

İsrailin KAN ictimai televiziyası “Eurovision-2019” müsabiqəsinə biletlərin sui-istifadə hallarına görə martın əvvəlində dayandırılmış satışını bərpa etməyi qərara alıb. YeniAvropa xəbər verir  ki, bu barədə müsabiqənin təşkilat komitəsinin martın 15-də yayılan mətbuat üçün məlumatında deyilir.

“Martın 14-də saat 18.00-da satışa 220 VİP bilet daxil olub. Apreldə elektron kassaya daha bir neçə min bilet daxil olacaq”,-deyə bildirilib.

Xatırladaq ki, martın 4-də təşkilatçılar biletlərin satışını dayandırmağı qərara alıblar. Bu, müxtəlif tərəflərin satış prosesinə müdaxilə etmək cəhdləri monitorinq və nəzarət sistemləri tərəfindən müəyyən olunduqdan sonra baş verib. İctimai televiziyanın məlumatına görə, qiyməti yüz minlərlə şekel olan biletlər və ən yaxşı yerlər mədəniyyət və idman elitasının nümayəndələri tərəfindən əldə olunub.

“Eurovision” saytında biletlərin satışı fevralın 28-də axşam başlayıb. Doqquzuncu kanalın məlumatında deyilir ki, müsabiqənin finalına biletlər bir saat sonra satılıb qurtarıb. Avropa, Amerika və Avstraliyadan müsabiqəyə gəlmək istəyənlərin çoxu sayta girə bilmədiklərindən şikayət edib. Bundan dərhal sonra sosial şəbəkələrdə biletlərin təşkilatçıların müəyyən etdikləri qiymətlərdən 2,5 dəfə baha qiymətə satılması barədə təkliflər yayılmağa başlayıb.

2018-ci il mayın 13-də Lissabonda keçirilən “Eurovision” müsabiqəsində “Oyuncaq” (“Toy”) mahnısı ilə İsrail müğənnisi Netta Barzilay qalib gəlib. Qeyd edək ki, əvvəllər İsrail bu beynəlxalq müsabiqəyə iki dəfə - 1979 və 1999-cu illərdə ev sahibliyi edib.

“Eurovision-2019” Təl-Əviv Sərgi Mərkəzində keçiriləcək. Mayın 14-də və 16-da yarımfinal mərhələləri, mayın 18-də final mərhələsi keçiriləcək. Azərbaycanı müsabiqədə bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun “Həqiqət” (“Truth”) kompozisiyası ilə Çingiz Mustafayev təmsil edəcək.